Şuşada doğuldu, amma Şuşaya çata bilmədi


Digərləri 25 Okt 2021 13:30:00 177 0

Şuşada doğuldu, amma Şuşaya çata bilmədi

Şuşada doğuldu, amma Şuşaya çata bilmədi. 3 yaşına kimi Ağdamın Xaçındərbənd kəndində yaşadı, amma o kəndin də azadlığını görmədi. Ən böyük arzusu idi, ata-anası ilə birgə evlərinə geri dönsün, sonra da Şuşanı ziyarət edib, doğulduğu torpağın həsrətini içinə çəksin. Lakin Şəhriyar Quliyev Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhadətə yüksəldi. Onun arzusunu valideynləri çin etdilər. Onlar əməkdaşımız Ülkər Qasımqızı ilə birgə dədə-baba yurdu olan Ağdama gedib, daha sonra Şuşanı ziyarət etdilər.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, Camal və Ramal hələ çox balacadır.Bu səbəbdən də onları özümüz ilə götürə bilmirik. Şəhid ataları kimi biz də onları analarına əmanət edib, yollanırıq  Qarabağa. Yolumuz üzü Ağdamadır, qıyıq gözlü, sərt baxışlı Şəhriyarın 2 yaşına kimi yaşadığı "Xaçındərbənd" kəndinə. Tək deyilik, Şəhriyarı dünyaya gətirən ana, halal zəhməti ilə böyüdən ata, çiyin-çiyinə vuruşduğu səngər yoldaşı və 1 ildir ki tək qalan qardaşı da bizimlədir. Ya Allah deyib, çıxdığımız bu yolun sonu bizi "Xaçındərbənd"ə qovuşduracaq. Həsrətdəndir nədir bilmirəm, yol heç bitmir. Qubardan ürəyi dağ boyda olan ana,atanın ürəyi elə indi də dağ boydadır, ancaq bu dəfə qürurdan. Axı yurda gedirik. Bayaqdan həsrətlə axtardığımız o lövhəni gördük deyəsən. Və biz artıq illərdir həsrətini çəkdiyimiz Xaçın gölünün düz üstündəyik. 

Gecikmədən kəndə çatmalı,doğma yurdu tapmalıyıq. Çox az məsafə qalıb. Piyada qalxdığımız bu yolun üzərindəki evlərdən biridir ata yurdu,amma hansı?

Şəhid balasını 2 yaşında bu evdən güclə çıxarıb ana. Başı açıq, ayağı yalın qoynuna basdığı körpəsini o zaman düşməndən qoruya bildi.

Hələlik, sağ ol deyib, doğma yurd ilə vidalaşırıq. Lakin bu dəfəki ayrılıq bir balaca niskilli oldu. Yaşlı insanlar mina təhlükəsinə görə, illərdir bu torpaqda uyuyan doğmalarını ziyarət edə bilmədilər. Aldığı güllər əlində, bala dərdi ürəyində bir ana, cah-cəlallı yurdunu viran görən bir ata ilə Ağdama hələlik deyib, davam edirik. Bu dəfə yolumuz Zəfər yolu, istiqamətimiz isə Şuşadır.

Şuşa bizi günəşli qarşıladı. Düzlərində çiçək də bitirmişdi ki, şəhid anası toplasın.

Şəhriyar Şuşada doğulsa da, Şuşaya çatmadı. Qubadlı istiqamətində gedən döyüşlərdə ağır yaralanan qəhrəmanımız Şuşanı döyüş yoldaşlarına əmanət edərək, şəhadətə yüksəlir.