“Qələbə hünəri” adlı sərgi təşkil olunacaq


Kriminal 23 Okt 2021 15:25:00 144 0

“Qələbə hünəri” adlı sərgi təşkil olunacaq

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, "Bakı" Rəsm Qalereyasının, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2021-ci il noyabr ayının 5-də saat 16:00-da Vətən Müharibəsində qələbəmizin ildönümünə - 8 Noyabr Zəfər Gününə həsr olunmuş "Qələbə hünəri" adlı sərgi təşkil olunacaqdır.

Sərgi rəssamlarımızın yaradıcılığında Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazanılmış möhtəşəm tarixi zəfərin təsviri sənət əsərlərində nümayişi məqsədilə həyata keçirilir.

Sərginin ekspozisiyasında Azərbaycan rəssamlarının əsərləri ilə yanaşı, həmçinin Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasına daxil olan əsərlər də yer alacaqdır.

Nümayiş olunan əsərlərin müəllifləri sertifikatla təltif ediləcəklər.

Sərgi 2021-ci il noyabr ayının 5-də saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək və noyabr ayını 12-dək davam edəcəkdir.

Sərgi salonu hər gün saat 11:00-dan 18:00-dək tamaşaçıların üzünə açıq olacaqdır.