Bakıda regionun ən böyük kitab festivalı keçiriləcək


Kriminal 30 Sen 2021 16:12:00 195 0

Bakıda regionun ən böyük kitab festivalı keçiriləcək

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 6-10 oktyabr 2021-ci il tarixində Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, kitab festivalı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə ithaf olunur.

Sərginin əsas məqsədi cəmiyyətdə kitaba olan marağı artırmaq və mütaliə mədəniyyətini təbliğ etmək, oxucuları nəşriyyat işi sahəsində olan rəqəmsal yeniliklərlə tanış etmək, ölkəmizdə kitab sənayesi sektorunun və müasir ədəbi proseslərin inkişafını dəstəkləməkdir.

İştirakçılar üçün 6 kvadrat metrə qədər ekspozisiya sahəsi və lazımı avadanlıqlar Mədəniyyət Nazirliyi tərəfindən ödənişsiz olaraq təmin edilir.

VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 43 xarici təşkilat, 99 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək və sərgi müddətində müxtəlif formatda 139 tədbir təşkil olunacaq.

Sərgidə uşaqlar üçün Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında kukla tamaşaları, "uşaq aləmi", nağıl saatları, uşaq yazarları ilə görüşlər, uşaqlar və böyüklər üçün master-klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları və musiqi proqramları təşkil ediləcək.

Azərbaycanın xalq yazıçıları və şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçılar və aktyorlar sərgidə iştirak edəcəklər.