Birbirinə söykənən qəzalı binalar


Digərləri 23 Sen 2021 14:06:00 96 0

Birbirinə söykənən qəzalı binalar

Suraxanı RİH məsələnin nəzarət altında olduğunu deyir

Belə bir atalar sözü var: Dağ dağa arxadır. Bəs binanın binaya arxa olduğunu eşitmisiniz? Elə isə tanış olun. Bu, Suraxanı rayonu Zığ qəsəbəsi Zığ yolu 39 ünvanında yerləşən 7 və 8 saylı binalardır. Sakinlər deyir ki, binalardan biri yıxılsa, digəri də çökəcək. Hansı bina daha dözümlü çıxacaq, bununla bağlı hətta öz aralarında kiçik mübahisələr də edirlər. Amma bir məsələdə yekdildirlər: Binaların vəziyyəti həqiqətən də ürəkaçan deyil.

Son.az Real TV-ə istinadən bildirir ki, sakinlər bu binalar bir əsrlik kimi görünsələr də, əslində heç 25 yaşları olmadığını deyiblər. Binanın bu vəziyyətə düşmə səbəbi kimi isə ərazinin sürüşmə zonasına aid olması göstərilir.

Şikayətçilər deyir ki, Bir-birinə dayaq olan bu binaların arasında əvvəl təxminən 35-40 santimetrlik məsafə olub. Həmin məsafənin indiki vəziyyətini isə yəqin ki, bu kadrlar olduğu kimi çatdıra bilir.

Sakinlər deyir ki, şikayətləri ilə bağlı bir neçə dəfə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri binalarına gəlib, baxış keçiriblər. Amma bu gəlişlərin nəticəsinin olub-olmadığını hələ ki bilmirlər.

Sakinlərin dəvəti ilə mənzillərə qalxırıq. Hər il təmir etməyə məcbur olduqları gözümüzlə görməyimizi və göstərməyimizi istəyirlər.

Balaca Ruslanın da deməyə sözü var. O kiçik otağını səliqəyə salmaqdan yorulub. Evin çatlarından tökülən toz həm Ruslanın qanını qaraldır, həm də oyuncaqlarını.

Məsələ ilə bağlı əvvəlcə Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, bina ilə bağlı rəy artıq Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilib. Biz də eyni quruma müraciət etdik. Oradan bildirildi ki, binanın vəziyyətindən xəbərdardırlar və məsələ nəzarətləri altındadır. Artıq vəziyyətlə bağlı hesabat hazırlanıb və bütün sənədlər Bakı şəhər İcra Hakimiyyətinə yönləndirilib. Yaxın zamanlarda yekun nəticə elan olunacaq.

Yəni sakinlərdən bir az da səbr etmələri istənilir. Necə deyərlər, yüzə dözən yüz birə də dözər.