ADAda Reza Deqatinin sərgisi açıldı


Digərləri 23 Sen 2021 13:21:00 95 0

ADAda Reza Deqatinin sərgisi açıldı

Sentyabrın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə "Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti" mövzusunda brifinq keçirilib.

Ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev, Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati, Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya Departamentinin müdiri Aybəniz İsmayılova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynov, "IDEA" İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov, su üzrə mütəxəssis, "Sağlam həyata doğru" Ekoloji İctimai Birliyin sədri Rövşən Abbasov çıxış ediblər.

Tədbirdən öncə Reza Deqati tərəfindən çəkilən və işğaldan azad edilmiş ərazilərimizdə baş verən ekoloji terroru əks etdirən şəkillər sərgilənib.

Sərgidə Qubadlı rayonunun Muğanlı kəndində qanunsuz şəkildə kəsilən tut ağaclarının, eləcə də yüksək kimyəvi təhlükəyə malik tərk edilmiş silah-sursatın və metal yığınının görüntüləri öz əksini tapıb. Məşhur fotojurnalist həmçinin Tərtər rayonu ərazisində azərbaycanlı dinc əhaliyə qarşı atılmış və beynəlxalq konvensiyalara əsasən qadağan olunmuş ağ fosforlu mərmilərin yaratdığı görüntünü əks etdirən fotosunu da nümayiş etdirib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki eko-terroru bariz şəkildə göstərən fotoları Fransada keçiriləcək sərgilərdə beynəlxalq ictimaiyyətlə bölüşəcəyini deyən fotojurnalist həmin şəkilləri xarici medianın diqqətinə çatdıracağını bildirib.