Zaqatalada selə qarşı tədbir görülür


Digərləri 21 Sen 2021 14:06:00 94 0

Zaqatalada selə qarşı tədbir görülür

Çay yataqları təmizlənir və sahil-mühafizə işləri aparılır

Son.az Real TV-yə istinadən bildirir ki, Zaqatala rayonunda suvarma mövsümü yekunlaşdıqdan sonra Zaqatala Suvarma Sistemləri İdarəsi tərəfindən çaylarda sahil-mühafizə işlərinə başlanılıb. İdarə tərəfindən təsdiq olunmuş istismar planına uyğun olaraq çay yataqlarının təmizlənməsi və selə qarşı mübarizə tədbirləri paralel aparılır. Rayon ərazisindən keçən çayların sahilləri boyu mövcud olan 43 kilometr uzunluğunda sahil mühafizə bəndlərində hər il mütəmadi olaraq təmir-tikinti işləri həyata keçirilir. Zaqatala rayonu ərazisindən 7 dağ çayı keçir ki, bu çayların da hər biri yaz və payız aylarında təhlükəli olur. Çaylardan keçən sel zaman-zaman ətrafda olan əkin sahələrinə, hətta yaşayış məntəqələrinə belə ziyan vurur. Ancaq son illərdə görülən qabaqlayıcı tədbirlər nəticəsində təhlükənin qarşısı alınıb. Dayanıqlı daş-beton bəndlər ətraf əraziləri sel sularından qoruyur. Belə bəndlərdən biri də Muxax çayda tikintisi bu il üçün nəzərdə tutulan 100 metrlik bənddir.

Zaqatala Suvarma Sistemləri İdarəsi tərəfindən hazırda çay yataqlarının təmizlənməsi, beton bəndlərin tikintisi və çayların sahillərində qabyon bəndlərin quraşdırılması işləri davam edir. Qarşıdan payız fəslinin gəlməsini nəzərə alan idarə əməkdaşları sözügedən işləri daha da sürətləndiriblər.