"Azərxalça" ASCnin sabiq rəhbərinin məhkəməsi başlayır


Kriminal 20 Sen 2021 21:30:00 183 0

"Azərxalça" ASCnin sabiq rəhbərinin məhkəməsi başlayır

"Azərxalça" ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradovun ibtidai istintaqı başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

"Azərxalça" ASC və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cinayət işində zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, rəsmi məlumata görə, Muradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq tədbirləri ilə Vidadi Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq "Azərxalça" ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə 3 milyon 435 min manat məbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin 1 milyon 149 min manat olan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.

Bundan başqa, Vidadi Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu "Azər-İlmə" MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 427 manat məbləğində əmlakı mənimsəyərək "Azərxalça" ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.