1937ci ildə həbs edildi, sevdiyi qadını güllələdi,


Digərləri 19 Sen 2021 15:00:00 120 0

1937ci ildə həbs edildi, sevdiyi qadını güllələdi,

Son.az Kulis.az-a istinadən Azərbaycan tarixinin ən qalmaqallı şəxslərindən olan Mircəfər Bağırov haqqında bizə az bəlli olan faktları təqdim edir.

Mircəfər Bağırov ilk təhsilini mollaxanada alıb. Sonra onu Qusar rayonunda ləzgilər yaşayan Nəcəfkəndə müəllim təyin edirlər. Mircəfər bu kənddə bir ilə yaxın müəllim işləyir. İlk dəfə ləzgi qızlarını məktəbə cəlb edir. Eyni zamanda, qısa müddətdə ləzgi dilini öyrənir.

***

Atası Mirabbas, anası Yaxşı xanımdır. Mircəfər ailələrində ən kiçik uşaq olub. Böyük bacısı Seyid Məsumə 1883-cü ildə anadan olub. O, Həştərxanda işləyərkən Mariya adlı bir zadəgan qızıyla ailə qurur və bu nikahdan 1919-cu ildə Cahangir (Vladimir) adlı oğulları dünyaya gəlir. 1926-cı ildə Mariya vəfat edir. Məsumə və digər bacısının təkidi ilə Mircəfər Bağırov 4 ildən sonra İçərişəhərdə yaşayan Yevgeniya Mixaylovna ilə ailə qurur. Bu nikahdan 1932-ci il avqustun 9-da ikinci oğlu Cen dünyaya gəlir.

Bağırov Quba qəzasının valisi Əli Zizikskinin yanında müavin kimi işlədiyi dönəmlərdə daşnaklara qarşı döyüşüb. Rudenkonun apardığı məhkəmə prosesində də Mircəfər Bağırova verilən maddələrdən biri Qubada millətlərarası münaqişədə iştirakla bağlı olub.

***

Böyük bacısının nəvəsi Məmmədtağı Bağırov deyir ki, o dövrə qədər Mircəfər Bağırovun qoruya bildiyi ziyalıların içərisində Üzeyir Hacıbəyov, Mikayıl Rəfili olub: "Əgər Hüseyn Cavid Müsavat Partiyasının üzvü olsaydı, onu güllələyəcəkdilər. Müsavat Partiyasının üzvü olmayıb. İttihamda onun Müsavat Partiyasına rəğbət bəslədiyi qeyd olunub. Bu səbəbdən sürgün edilib. Ancaq Mircəfər Bağırovun Hüseyn Cavidə hörməti olub, 1937-ci ilə qədər onu qoruyub. Mən sənədlərə istinad edirəm. Hüseyn Cavidin yaşadığı bina dövlət idarəsinə məxsus idi. Həmin binada bir neçə nəfər yaşayır. Onların hamısını oradan çıxarırlar. Hüseyn Cavid Mircəfər Bağırova məktub yazır ki, xahiş edirəm, burada yaşayım, çünki eyvana çıxanda Xəzəri görürəm, ilham alıram. Mircəfər Bağırov Hüseyn Cavidə həmin binada yaşamağa icazə verir. Yəni Mircəfər Bağırov Cavidin xətrini istəyib. Ancaq onu 1937-ci ildə repressiyadan qoruya bilməyib".

Deyilənə görə, Bağrovun sonradan təəssüfləndiyi ölümlərdən biri Mikaıl Müşfiqin ölümü olub. Müşfiqin ölümündən bir müddət sonra o, belə deyib: "O uşağın günahı nə idi? Axı onu tərbiyələndirmək olardı."

***

37-ci il repressiyasından Mircəfərin qoruduğu insanlardan biri də Mirmövsüm ağa olub. İddia olunur ki, Mirmövsüm ağanın evində anti-sovet təbliğatı aparılıb. Mirmövsüm ağaya görə Bağırovun bacısı Məsumə qardaşından, yəni Mircəfər Bağırovdan xahiş edib. Mircəfər Bağırov Mirmövsüm ağaya görə şəxsən Stalinin qəbuluna gedib. Ondan sonra Mirmövsum ağadan əl çəkiblər.

1937-ci ildə Mircəfər Bağırovun özünü də həbs ediblər. Ona 10 gün ev dustaqlığı veriblər.

***

Bağırov böyük oğlunu çox sevib. Cahangir aviasiya məktəbində oxuyub. İkinci dünya müharibəsi başlayanda təyyarəçi olub. Müharibədə iştirak edib və 1 il sonra yaralı halda tərxis olunub. Ancaq atası Mircəfər Bağırova məktub yazıb bildirib ki, əziz ata, mən camaatın gözünə baxa bilmirəm, xəstə deyiləm, icazə verin, hərbi xidmətə gedim, mən sənin, xalqımızın adını uca etməliyəm. Cahangir yararsız olmasına baxmayaraq, yenidən müharibəyə gedir. 1943-cü ilin iyun ayında qeyri-bərabər döyüşdə 7-8 alman təyyarəsini vurub, sonda yanacağı qurtardığı üçün tarana gedib və təyyarəsini alman təyyarəsinə çırpıb.

Mircəfər Bağırovun oğlu Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür. O vaxt SSRİ Fövqəladə Komissiyasının sədri Mircəfər Bağırova zəng edib ki, oğlun həlak olub, ona Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanı adı verilib. Mircəfər Bağırov deyir ki, xahiş edirəm, oğluma Sovet İttifaqı Qəhrəmanı adı verməyin. Həzi Aslanovun köməkliyi ilə onun oğlunun tabutu Bakıya göndərilib. Əslində, tabutun içərisində heç nə olmayıb. Yazılıb ki, bunu açmaq olmaz. Yasamal qəbiristanlığında dəfn mərasimi olub. Hazırda Cahangirin qəbri anası Mariya xanımın qəbrinin yanındadır.

***