Yağlı saçlara qulluq edilməsi


Digərləri 18 Sen 2021 19:45:00 107 0

Yağlı saçlara qulluq edilməsi

Saçlar nə üçün yağlı olur? Əslində saçlar deyil, başın dərisi yağlı olur. Bu isə tük follikulları ilə yanaşı yerləşən piy vəziləri tərəfindən piyin artıq dərəcədə ifraz olunması nəticəsində baş verir.

Saçlar bu piyi özlərinə tez hopdurur ki, bunun da nəticəsində onlar pis parıldayır, birbirinə yapışırlar. Belə saçlara toz və çirk də daha tez yapışır. Əksər hallarda belə saçların üzərində yağlı kəpəklər (yağlı seboreya) görmək olur.

Saçların yağlı olmasının səbəbləri dərinin yağlı olması səbəbləri ilə eynidir: irsiyyət, qeyri-düzgün qulluq və s. Bəzi hallarda saçların həddindən artıq yağlı olmasının səbəbi sinir və endokrin sistemlərinin fəaliyyətində olan pozğunluqlar olur. Buna görə də saçlarınızın çox yağlı olduğu halda məsləhət üçün mütləq həkim-trixoloqa (saçların müalicəsi üzrə ixtisaslaşan mütəxəssis) müraciət etmək lazımdır. Tələb olunduğu halda həkim-trixoloq sizi endokrinoloq, nevropatoloq və digər həkimlərin müayinəsinə də göndərə bilər. Belə ki, əksər hallarda qadınların endokrin sistemində olan hormonal pozğunluqlar saçların artıq dərəcədə yağlanmasına səbəb olur. Bu halda, əsas xəstəliyi müalicə etdikdən sonra saçlar da normal vəziyyətə qayıdır.

Əgər saçların yağlı olması sizə irsi olaraq ötürülmüşsə, bu halda da dilxor olmaq lazım deyil. Düzgün qulluq edilməsi sizin saçlarınızı da sağlam, elastik və gözəl edə bilər.

Yağlı saçları onlar çirkləndikcə yumaq lazımdır. Yağlı saçların yuyulması üçün isti sudan istifadə etmək olmaz. Su nisbətən sərin olmalı, ancaq diskomfort yaratmamalıdır. Heç bir halda saçlarınızı digər tipli saçlar üçün nəzərdə tutulan şampunlarla yumaq olmaz. Bu halda piy vəziləri piyi daha çox miqdarda ifraz etməyə başlayır.

Bu tip saçlara qulluq etmək üçün yağlı saçlar üçün nəzərdə tutulan və tərkibində gicitkən, adaçayi, dəvədabanı, çöl qatırquyruğu, dəniz yosunları ekstraktları olan şampunlar, protein, A, S, K vitaminləri, sink tərkibli şampunlar, həmçinin xüsusi müalicəvi şampunlar yaxşı uyğun gəlir. Saçlarınızı hər gün yumalı olursunuzsa, bu məqsədlə saçların gündəlik yuyulması üçün nəzərdə tutulan (şampun qutusunun üzərindəki yazıları oxuyun) yumşaq şampunlardan istifadə etmək tövsiyə olunur. Saçların axırıncı yaxalanması üçün 1 litr suda 1 xörək qaşığı sirkə həll edilməsi ilə alınan məhluldan istifadə etmək olar.

Başı yumamışdan qabaq, başın dərisinə yağsızlaşdırıcı vasitələrdən hər hansı birini sürtmək daha yaxşı olardı: aloye (əzvay) şirəsi, müxtəlif müalicəvi otlardan hazırlanan dəmləmələr. Maksimal effektin alınması üçün, bu proseduraları günaşırı olmaqla, heç olmasa 1 ay müddətində yerinə yetirmək lazımdır.

- Şam və ya küknar ağacının yaşıl iynəli yarpaqlarından 3 xörək qaşığı götürüb üzərinə 1 litr qaynar su əlavə edib 20 dəqiqə qaynadın. Alınan tərkibi süzərək saçların yuyulmasından əvvəl başın dərisinə sürtün və 30 dəqiqədən sonra saçlarınızı yuyun.

- Xırda-xırda doğranmış 2 xörək qaşığı bağayarpağını 1 xörək qaşığı kefir ilə qarışdırıb alınan tərkibi yaş saçlarınıza vurub sellofan və xovlu dəsmalla örtün. 30 dəqiqədən sonra saçları yumaq olar.

- 3 xörək qaşığı palıd qabığının üzərinə 1 litr qaynar su töküb, ağzı bağlı şəkildə minalanmış qabda 15 dəqiqə ərzində vam odda qaynadın, soyudun və süzün. Sonra dəmləməni səliqə ilə başın dərisinə sürtmək, 20-30 dəqiqədən sonra isə saçları yumaq lazımdır.

- Heyva meyvəsinin mərkəzi hissəsini tumları ilə birlikdə kəsin, xırda doğrayın və üzərinə 1 stəkan su töküb vam odda qaynayana qədər saxlayın. Alınan dəmləməni soyudun və başın dərisinə sürtün. Bu dəmləmə saçların yağlılığını azaldır, yağlı seboreyanı müalicə edir.

- Yuyulmamışdan qabaq yağlı saçlara kefir və ya qatıq sürtərək 15-20 dəqiqə ərzində dəsmalla bağlamaq da çox xeyirli hesab olunur. Sonra saçları şampun ilə yuyub sirkə qatılmış su ilə yaxalayın.

- Əgər sizdə xardala qarşı dəri reaksiyası yoxdursa, saçlarınızı yuyarkən aşağıdakı tərkibdən istifadə etmək olar: 1 xörək qaşığı xardalı 1 litr ilıq suda qarışdırdıqdan sonra bu qarışıqla bir neçə dəfə saçlarınızı yaxalayın. Sonra saçlarınızı yaxşı-yaxşı yuyun və yaxalayın.

Sizin saçlarınız yağlıdırsa, sizə başın dərisini masaj etmək, saçlarınızı tez-tez daramaq olmaz! Çünki bunun nəticəsində piy vəzilərinin fəaliyyəti güclənir və piy ifrazı da artır. Yağlı saçları yalnız mütləq zərurət yarandığı halda daramaq lazımdır. Həm də bu zaman elə etmək lazımdır ki, daraq və ya şotka başın dərisinə toxunmasın. Bu halda dəri tərəfindən ifraz olunan piy saçların uzunluğu boyu daha az dərəcədə yayılacaq. Yağlı saçları dişləri daha iri, aralarındakı məsafə isə daha çox və ucları girdələşdirilmiş olan daraqla daramaq lazımdır. Darağın dişləri iti olduqda, onlar baş dərisini cızdığı üçün  dəri təfindən piy ifrazı daha da artacaq. Eyni məsləhət saçların yuyulmasına da aiddir - dırnaqlarınızla başın dərisini güclü qaşımaq olmaz.

Yağlı saçları yuduqdan sonra onları aşağıdakı ot dəmləmələri ilə yaxalamaq çox xeyirlidir: