Qarabağda yeni savaş başlaya bilər


Siyasət 17 Sen 2021 13:42:00 165 0

Qarabağda yeni savaş başlaya bilər

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın günlər öncə baş tutan Ermənistan səfərinin ardınca Azərbaycana gələcəyi gözlənilən idi. Qərbin 44 günlük müharibədən sonra regiondakı son vəziyyəti kontrol etmək üçün bu səfərlərə xüsusi maraq göstərdiyi məlumdur. Bölgədə baş verən son prosesləri müzakirə etmək və postkonflikt dövrünün reallıqlarına uyğun olaraq diktə edən tərəf kimi Azərbaycanın gələcək planlarını bir daha qulaqları ilə duymaq istəyən Avropa İttifaqı əmin oldu ki, rəsmi Bakı qanla bərpa etdiyi haqqını bir daha nəinki Ermənistana, heç kimə yedirmək fikrində deyil, güzəştə getməyəcək. Bu barədə bir azdan...

Toivo Klaarın Ermənistan səfəri zamanı baş nazir Nikol Paşinyanla aralarında baş tutan dialoqdan belə nəticə çıxdı ki, Aİ də bölgədəki vəziyyət və regional sülhü bərqərar etməkdə maraqlı tərəfdir. Nümayəndənin Paşinyana "Ritorikanı və gərginliyi azaltmaq, yeni əlaqələr qurmaq lazımdır" ifadəsi isə Avropa İttifaqının bölgədə sülhə təhdid olan tərəfin adını aydınlıq gətirir. Bu çağırışla Aİ də bəzi erməni siyasi dairələrə revanş xəyalları ilə yaşamağın mənasızlığını, bölgənin və Ermənistanın inkişafı, gələcəyi üçün yeni əlaqələr qurmaq lazım olduğunu qeyd edib. Bəli, "yeni əlaqələr", əslində bu ifadə üzərindən 10 ay keçməsinə baxmayaraq Ermənistanın hələ də əməl etmədiyi üçtərəfli bəyanatın əsas bəndlərindən olan kommunikasiyaların açılması məsələsinin aktuallığını, region, ümumilikdə Avrasiya məkanı üçün nə qədər böyük əhəmiyyətə malik olduğunu göstərdi. Bunu isə Paşinyanın Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin dilindən eşitməsi rəsmi Bakının artan gücünün göstəricisidir. Çünki heç kəsə sirr deyil ki, bir neçə ay əvvəl vəziyyət tamamilə fərqli idi. 

Ötən gün isə müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə gözlənilən görüşü gerçəkləşib. Görüş zamanı tərəflərin verdiyi açıqlamalar, mesajlar birinci ilə müqayisədə xeyli dərəcədə fərqlənib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki vəziyyət barədə danışan nazir Azərbaycan Ordusunun üçtərəfli bəyanatın tələblərinə tam əməl etdiyini bildirib.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların qarşısının alındığı və bundan sonra da baş verə biləcək bu kimi hallara qarşı müvafiq tədbirlərin görüləcəyini xüsusi vurğulaması Avropa İttifaqına Ermənistanın ağlını başına yığması üçün verilən açıq mesajdır. Bununla Zakir Həsənov rəsmi Bakının mövqeyini bir daha qurum rəsmisi ilə görüşündə açıq şəkildə bəyan edib və o, Ermənistanın təxribatlardan əl çəkməyəcəyi təqdirdə növbəti dəmir yumruq zərbəsi ilə qarşılaşacaqlarının istisna olmayacağını diqqətə çatdırıb.

Müdafiə nazirinin bu açıqlamalarına heç bir əks-reaksya verməyən Aİ rəsmisinin də İrəvan səfərində etdiyi açıqlamaları xatırlasaq demək olar ki, artıq onlar da anlayırlar ki, "ilan (Ermənistan) ulduz görməsə ölən deyil". 

Bunu görünür Azərbaycan ən yaxşı güc strukturları vasitəsilə son günlər Gorus-Qafan yolu istiqamətində apardıqları əməli işlərlə bacardılar. Bunun təsdiqi kimi Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın son ənənəvi brifinqində baş verənlərə nəzər yetirmək kifayətdir. Erməni jurnalistlərinin suallarını cavablandıran sözçü Bakını təəccübləndirib. Erməni jurnalistlər onlayn formatda verdikləri suallarda həmişəki kimi Zaxarovadan Azərbaycan əleyhinə cavab qoparmağa çalışıblar, amma haylar Rusiyanın XİN sözçüsündən eşitmək istədikləri cavabları almayıblar. Belə ki, "Rusiyanın Azərbaycanın Gorus-Qafan yolunu bağlamasına münasibəti necədir" sualına Zaxarova diplomatik cavab verərək Azərbaycanı ittiham etməkdən çəkinərək sadəcə deyib ki, Rusiya Azərbaycanla Ermənistan arasında sərhədin müəyyənləşməsini istəyir və bu məsələdə vasitəçi olmağa hazırdır. 

Erməni jurnalistin növbəti "Rusiyanın Azərbaycanın Türkiyə ilə birgə Laçında təxribatçı təlimlərinə münasibəti necədir" sualına erməni mediasının manipulyasiya imkanlarını nəzərə alan Zaxarova cavabında bu cümləni əlavə edib: "Azərbaycanlı həmkarlarımızla daima təmasdayıq, ona görə əlavə şərhə ehtiyac duymuram". Ermənilərin eşitmək istədikləri cavab heç şübhəsiz ki, bu deyildi. 

Ara-sıra ağzından Azərbaycan əleyhinə söz qaçırması ilə daha çox məşhur olan Zaxarovanı bu ampluada görmək də varmış. Hər kəsə gün kimi aydındır ki, Mariya Zaxarova Kremlin siyasətindən kənara çıxara bilməz. Bu siyasətə yeni əlavələr edildiyi nəzərdən qaçmır. Son proseslər fonunda Rusiyanın Emənistana münasibəti (strateji müttəfiq) dəyişməsə də, Bakıya qarşı fərqli münasibətin ilkin qığılcımları sezilir - Azərbaycanı qıcıqlandırmaq olmaz! 

Təhməz Əsədov Son.az