“BBC News” Bakının gözəlliyindən yazdı


Dünya 16 Sen 2021 08:53:00 151 0

“BBC News” Bakının gözəlliyindən yazdı

"BBC News" televiziya kanalının saytında Azərbaycanın müasir və tarixi memarlıq abidələrindən bəhs edən "Zəngin mədəni irsə malik olan Bakı şəhəri müasir memarlıq mayakına çevrilib" sərlövhəli məqalə dərc edilib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, məqalədə memarlıq həvəskarları üçün Azərbaycanın paytaxtı Bakı şəhərində bir sıra qədim və müasir memarlıq incilərinin olduğu bildirilir.

Müəllif qeyd edir ki, həm şərqdən, həm də qərbdən gələn müxtəlif təsirlər nəticəsində son 20 ildə dünyanın ən iddialı və möhtəşəm memarlıq layihələri ilə görünüşünə yeni imic verən Bakı daim inkişaf etməkdədir.

Vurğulanır ki, qədimliklə müasirliyin vəhdət təşkil etdiyi Bakı şəhərində müasir göydələnlər, qədim qalalar, tarixi abidələr mövcuddur.

Yazıda UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan XII əsrin tarixi memarlıq abidəsi olan Qız qalası, Şirvanşahlar Sarayı kompleksi, dünyaca məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa olunan Heydər Əliyev Mərkəzi, Dövlət Bayrağı meydanı yaxınlığındakı "Crystal Hall, "Külək-alov" konsepsiyası əsasında tikilən "SOCAR Tower", səthi tamamilə LED ekranlarla örtülən "Alov qüllələri", "Park Bulvar" ticarət mərkəzi, barokko memarlıq üslubunda inşa edilmiş Hökumət Evinin binası, Azərbaycan Milli Xalça Muzeyi habelə inşası davam edən iri tikililər barədə məlumat verilib.

Yazıda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan məscid barədə də məlumat yer alıb.