Tehranın Bakı ağrısı: Xəzər bəhanədir


Siyasət 14 Sen 2021 12:21:00 128 0

Tehranın Bakı ağrısı: Xəzər bəhanədir

Rəsmi Tehran Xəzərdə Azərbaycanla Türkiyənin keçirdiyi antiterror təlimlərindən narahat olub.

Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqlərində növbəti mərhələnin tapşırıqları icra olunub.

Bu mərhələdə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda şərti terrorçu qrup tərəfindən zəbt edilən gəmidə onların zərərsizləşdirilməsi və gəminin azad edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.

Helikopter və katerlərin cəlb olunması ilə keçirilən təlimin növbəti mərhələsində qarşıya qoyulan tapşırıqları iki qardaş ölkənin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdirərək dəqiq və effektiv icra ediblər.

Bu, Müdafiə Nazirliyimizin açıqlamasıdır.

Göründüyü və anlaşıldığı kimi, proseslər beynəlxalq hüquq çərçivəsində olmaqla yanaşı, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən kənara çıxmır.

Fəqət, İran yenə "təlaş"dadır.

İran İslam Respublikası XİN mətbuat katibi Səid Xatibzadə deyir ki, Türkiyənin Xəzər dənizindəki hərbi varlığı qeyri-qanunidir.

"Türkiyə və Azərbaycanın Xəzər dənizində keçirdiyi təlimlərlə bağlı bunu demək istərdim ki, Xəzər dənizinin hüquqi statusuna aid anlaşmaya görə, sahilyanı 5 dövlətdən başqa heç bir kənar ölkənin burada ordusu olmamalıdır və qadağandır. Türkiyənin Xəzər dənizindəki hərbi varlığı qeyri-qanuni sayılır. Biz bu məsələni Xarici İşlər Nazirliyi olaraq araşdırırıq".

İranın Xarici İşlər Nazirliyi, sən demə, "araşdırma"larla məşğuldur, çünki Tehranın fikrinxə, Bakı ilə Ankaranın birgə antiterror təlimləri Xəzər dənizinin hüquqi statusuna aid anlaşmanı "pozurmuş".

Rəsmi Tehran yenə də, yumşaq desək, əsassız iddialarla çıxış edir.

Belə ki, İranın özü imzalasa da, hələ də ratifikasiya etmədiyi sənədi ön plana çəkərək ona istinad edir.

Xatırladaq ki, üç il əvvəl, 2018-ci ilin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində keçirilmiş 5-ci Xəzər sammitində Azərbaycan, Türkmənistan, Rusiya, Qazaxıstan və İran prezidentləri Xəzərin hüquqi statusu barədə konvensiya imzalamışdılar.

Sənəd müddətsizdir və onu imzalamış 5 ölkənin parlamentlərində ratifikasiya ediləndən sonra qüvvəyə minməlidir.

Türkmənistan konvensiyanı 2018-ci ilin dekabrında, Azərbaycanla Qazaxıstan 2019-cu ilin fevralında, Rusiya isə 2019-cu ilin oktyabrında ratifikasiya edib.

İran hələ də düşünür.

Xəzər dənizinin hüquqi statusunu müəyyənləşdirən konvensiyanı İranın ratifikasiya etməməsi bu sənədin qüvvədə olmaması deməkdir - Aktau bəyannaməsi belə deyir.

Üstəlik, İranın sözügedən sənədi təsdiqləmədiyi halda ona istinad edərək Azərbaycanla Türkiyəyə qarşı hər hansı formada iddialarla çıxış etməsi də məntiqi paradoks və hüquqi absurddur.

Digər tərəfdən, Xəzərin hüquqi statusunu bəlirləyən sənəd "digər dövlətlər", yəni bölgə ölkəsi statusuna malik olmayan dövlətin dənizdə hərbi aktivliyini istisna edir.

Türkiyə isə region dövlətidir və onun Xəzərdə Azərbaycanla birlikdə antiterror təlimləri keçməsi də rutin, hətta vacib olaylardan biridir.

Ən azı iki ölkə arasında hərbi-müdafiə sahəsində əməkdaşlığı ehtiva edərək şərtləndirən Şuşa bəyannaməsi mövcuddur.

Azərbaycan Xəzərdə Argentina, Sinqapur, Britaniya və ya Meksika ilə birlikdə təlimlər keçirməyib.

Türkiyə, bir daha təkrar edirik, eynən İran təki region dövlətidir və Xəzərdə aktivliyə də tam hüququ var.

Təlimlər isə hərbi yox, antiterror məzmunlu olub.

Ölkələrimizin terrorla mübarizədə birgə fəaliyyəti nədən və nə üçün İranı narahat etməlidir ki?

Hər halda rəsmi Bakı İranın Yəmən, Əfqanıstan, İraq, Livan, Suriya, Liviya və s. ölkələrdəki hərbi aktivliyindən narahatlığını bəyan edərək Tehrana irad tutmayıb, Tehranın ən müxtəlif formalarda apardığı proksi-savaşlarla bağlı "araşdırmalar aparılacağı" vədi ilə çıxış etməyib.

İranla Ermənistan arasında "mehriban qonşuluq və qardaşlıq əlaqələri" də reallıqdır hər halda.

Elçin Alıoğlu Son.az