Doğranaraq 4 rayonda basdırıldığı deyilən şəxsin meyiti tapılmır


Kriminal 23 Avq 2021 20:46:00 216 0

Doğranaraq 4 rayonda basdırıldığı deyilən şəxsin meyiti tapılmır

İki il öncə öldürülərək yandırılan, daha sonra altı yerə bölünərək parçaları dörd rayonun ərazisində basdırıldığı deyilən Sahib Mahmudovun qətlində ittiham edilən şəxs qərardan narazıdır. Qətllə bağlı 19 il müddətinə azadlıqdan məhrum edilən mərhumun dostu Əli Ələkbərli hökmdən apellyasiya şikayəti verib. Hələ də meyiti və qalıqları tapılmayan S.Mahmudovun qətlində təqsirləndirilən şəxsin vəkilləri prosesdə bir neçə vəsatətlə çıxış ediblər. 

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ittihamın gəldiyi qənaətə görə, adıçəkilən hər iki şəxs 2018-ci il dekabrın 12-də rayon sakini Ramil Kazımovun evindən oğurluq ediblər. Bu hadisəyə görə saxlanılan Ə.Ələkbərli cinayəti Sahib Mahmudovla birgə törətdiyini etiraf edib. Bundan sonra hər ikisi cinayət məsuliyyətinə cəlb edilərək elektron qolbaq taxaraq polisin nəzarətinə verilib. S.Mahmudov polisə onun adını verən şəxsin özü və ailəsi ilə bağlı ictimai yerlərdə təhqiramiz ifadələr işlədib. Buna görə də Əli dostu Sahibi öldürmək qərarına gəlib. 2019-cu il yanvarın 25-də Sahibə zəng edərək, birlikdə "patı" çəkməyi təklif edib. Taksi sürücüsü işləyən Altay Ağamalızadənin maşını ilə Sahibi evlərindən götürərək, Masallı rayonu Qəriblər kəndində yerləşən "ADU pramida" adlı istirahət mərkəzinə aparıb. Orada 6 nömrəli kabinetdə narkotik qəbul etdikdən sonra yenidən həmin oğurluq haqda danışıblar.

Sahib bu dəfə də onu "satan" şəxsin ailə üzvlərini təhqir edib. Əli isə ona deyib ki, onları tanışları Samir Ağayev "satıb". Sahib Samirə zəng edərək söyüb və onu görüşə çağırıb. Saat 23 radələrində onlar kabinetdən çıxarkən Əli bıçaqla Sahibin sinəsindən vurub, daha sonra ona "qorxma, səni sağaldacağam" deyərək, onu tualetə aparıb. Orada Sahibə çoxlu bıçaq xəsarəti yetirərək öldürüb. Daha sonra meyiti büküb, tualeti təmizlədikdən sonra suyu açıq qoyaraq meyiti Altayın maşınına aparıb.

Əvvəlcə Lənkəran rayonuna gəlsələr də, orada uyğun yer tapmayıb, Neftçalada yerləşən "Lapatin" adlı yerə gediblər. Orada çala qazaraq gələndə, Salyan rayonunda aldığı 10 litr benzində meyiti yandırıb. Təxminən 40 dəqiqə sonra meyitin tam yanmadığını gördükdən sonra onu söndürüb yenidən bükərək maşına qoyublar. Bu dəfə Cəlilabad rayonuna gələrək, mağazadan lazım olan avadanlıqları alaraq İmişliyə gediblər.

Orada yanmış meyiti altı yerə bölüb torbalara yığıblar. Dörd torbanı Bəhrəmtəpə yolunun kənarında ayrı-ayrı yerlərdə basdırıblar. İkisini isə Cəlilabad rayonuna gətiriblər. Əli sürücü Altaya Maşlıq kəndinə sürməyi tapşırıb, amma yolda maşın palçığa batdığı üçün tanışı Samir Ağayevi köməyə çağırıb. Onun maşını ilə meyit olan avtomobili palçıqdan çıxarıblar. Daha sonra Cəlilabadın Kazımabad kəndinə gələrək, örüş sahəsində yer qazıb meyitin qalan iki parçasını da orada basdırıblar.

Yanvarın 27-də Əli Ələkbərli Cəlilabadda basdırdığı hissələri çıxarmaq üçün Elşən Nağıyev və Elvin Şəfiyevlə birgə həmin əraziyə gedib. Bunun üçün isə yoldan sellofan, kəndir, əlcək və bel alıb. Əli meyitin hissələrini sellofana qoyanda Elşən də bunu görüb. Daha sonra həmin hissələri "ADU Piramida" istirahət mərkəzinə gətirib, orada saxlayıblar. Səhəri gün isə meyitin hissələrini aparıb, Yardımlı rayonu ərazisində dərəyə atıblar.

Bura qədər qeyd edilənlər istintaqın, müstəntiqlərin gəldiyi qənaətdir. Amma istintaq zamanı aylarla axtarış və qazıntı işləri aparılsa da, meyitə aid heç bir hissə tapılmayıb. Sadəcə, Neftçalada "Lapatin" adlı yerdən insana aid qan hissəsi tapılıb və onun da neçənci qrup olması, tərkibi haqda rəy vermək mümkün olmayıb. Həmçinin, həmin çaladan tapıldığı bildirilən paltar hissəsinin Sahib Mahmudova aid olduğunu ekspertiza təyin edə bilməyib. Mərhum Sahibin atası Sahibəli və anası Zülfiyyə həmin hissənin övladlarına aid köynəyin manjetinə oxşadığını bildiriblər.

Əli Ələkbərli isə məhkəmədə ifadəsində Sahib Mahmudovun itkin düşməsi və ya ölümü, öldürülməsi barədə heç bir informasiyaya malik olmadığını, bu barədə heç nə bilmədiyini deyib:

"Guya Sahibi öldürərək, cəsədini parçalayıb müxtəlif ərazilərdə basdırmağım barədə etirafedici ifadələrimi ibtidai istintaqda polis əməkdaşlarının işgəncələri, fiziki və psixi təzyiqləri altında vermişəm. Törətdiyim yeganə əməl oğurluq cinayətidir. Narkotikin mənə heç bir aidiyyəti yoxdur. Məni Cəlilabad polisinə dəvət etdilər və getdim. Mən polis şöbəsinə gedərkən narkotiki niyə ayaqqabımda gizlədim ki?"

Taksi sürücüsü Altay Ağamalızadə də Sahib Mahmudovun itkin düşməsi haqda heç bir məlumatı olmadığını deyib və təcridxanada olarkən qətli etiraf etməsini polislərin fiziki təzyiqi və şirnikləndirici vədlərinə aldanaraq etdiyini iddia edib.

Təqsirləndirilən Əli Ələkbərlinin vəkili Faiq Nağıyev apellyasiya şikayətində qeyd edib ki, istintaq kobud pozuntular və fərziyyə əsasında həyata keçirilib, məhkəmə də heç bir araşdırma aparmadan ittiham aktına hökmə köçürərək "kserohökm" çıxarıb.

Apellyasiya şikayətində bildirilir ki, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq edilməlidir. Lakin bu işdə hakim məhkəmə istintaqında toplanmış sübutlara qiymət verilməsinə cəhd belə göstərməyib.

Mərhum Sahib Mahmudovun anası Təbrizə Mahmudova ifaədsində bildirib ki, oğlunun polis əməkdaşı Əvəz Məhərrəmovla münasibətləri çox pis olub:

"Əvəz Məhərrəmov oğlum Sahibi "səni yox edərəm" deyə dəfələrlə hədələmişdi, bununla bağlı o 102 xidmətinə də şikayət etmişdi".

S.Mahmudovun atası Sahibəli Mahmudov bildirib ki, qohumu Nadir Məmmədov da 2019-cu ilin mart ayından itkin düşüb və hələ də ondan bir xəbər yoxdur. Nadir Məmmədov Sahibin itkin düşməsi ilə bağlı telekanalların birində gedən verilişə qonaq olub, orada arvadının başqa kişi ilə qaçması müzakirə olunandan bir müddət sonra itkin düşüb.

Ortada meyit olmasa da, ehtimal edilən qətlin üstü narkotik aludəçisi Nazənim Piriyevanın polisə məlumatı və ifadəsi əsasında açılıb. N.Piriyeva deyib ki, Əli Ələkbərli ilə birgə narkotik qəbul etdikdən sonra Əli adam öldürdüyünü deyib, amma ətraflı məlumat verməyib.

Vəkil vəsatətdə qeyd edir ki, bu məlumatdan sonra əməliyyatçılar N.Piriyevanı təlimatlandıraraq, bir neçə dəfə Əli ilə görüşə göndəriblər:

"Əlinin Sahibin ölümü ilə hər hansı bir əlaqəsi var idisə, görüş zamanı niyə danışıq qeydə alınmayıb, video çəkiliş aparılmayıb? Axı şahid Nazənim Piriyeva deyir ki, Əli narkotik qəbulundan sonra çox pis vəziyyətdə olurdu. Bu vəziyyətdə isə Əli Ələkbərlini danışdırmaq və ondan hansısa etmiş olduğu cinayət barədə söz almaq çox asan idi. Lakin bunun baş vermədiyini görürük.