Rusiya əldə etdiyi qazancı Ermənistana qurban verməyəcək


Siyasət 30 İyl 2021 13:00:00 154 0

Rusiya əldə etdiyi qazancı Ermənistana qurban verməyəcək

"Sərhəddəki gərginlik Ermənistanın Qarabağa iddialarının ardıcıl və sistemli xarakter daşımasını sübut edir. İrəvanda elə təsəvvür edirlər ki, müharibəni yox, döyüşü uduzublar. Ədalət naminə deməliyəm ki, "güzəştli kapitulyasiya" onlarda belə düşünməyə şərait yaradır".

Bunu Son.az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

O bildirib ki, Rusiya Sülh sazişinin marağında olan dövlətdir:

"Sərhəddə süni gərginlik yaratmaqda məqsəd Azərbaycanın ərazi bütövlüyünü tanımamağa haqq qazandırmaqdır. "Azərbaycan Ermənistanın ərazilərinə daxil olub" xəbəri bu gün Qarabağla bağlı mövzuları üstəliyib. Başqa sözlə, İrəvan Azərbaycan-Ermənistan münaqişəsi mövzusundakı beynəlxalq gündəmi özü yaratmaq istəyir və deməliyəm ki, düşmən təbliğatı buna qismən nail olur. Yəni, bu gün sərhəd mövzusu Qarabağ mövuzusunu ikinci plana keçirib. Məqsəd Azərbaycanı təcavüzkar kimi təqdim edib, 9 noyabr bəyanatının bəndlərini yerinə yetirməməkdən daşınmaqdır. Paralel olaraq Azərbaycanla sərhədə Rusiya qoşunlarını yerləşdirməyə cəhd edirlər. Bu planın arxasında Rusiya hakimiyyətində təmsil olunan məlum ermənipərəst qanad dayanır. Ermənistan 25 il danışıqlar prosesini uzatdığı kimi, postmüharibə fəsadlarının aradan qaldırılması prosesini də uzatmağa cəhd edir. Bəs nəyə ümid edir? Regionda və dünyada hansı prosesə ümidli olduqlarını anlamaq çətindir? Məncə, möcüzə gözləntisindədirlər..

Bəs, nə baş verə bilər? Məncə lokal qarşıdurmalar qaçılmazdır. Konkret yer adı çəkmək istəmirəm, amma düşünürəm ki, Azərbaycan ona de-yure məxsus əraziləri hərbi əməliyyatlar nəticəsində azad edib, düşməni masa arxasına oturmağa məcbur edəcək. Buna görə Azərbaycana qarşı istənilən təzyiq ölkəni böhrana sala bilməz. Söhbət Qərbin mümkün təzyiqlərindən gedir.

Rusiya Sülh sazişinin marağında olan dövlətdir və düşünmürəm ki, Azərbaycanın güc tətbiqinə Moskva maneə olsun. Bu gün Ermənistan-Azərbaycan münaqişəsi Rusiyanın iqtisadi maraqlarına zərbədir ki, Moskva bu müharibənin nəticələrindən əldə etdiyi qazancı Ermənistanın iddialarına qurban verməyəcək. Söhbət Naxçıvanla Azərbaycanın qərbinin birləşdirəcək yolun (Zəngəzur dəhlizi) gerçəkləşməsindən gedir. Bu yol Rusiya iqtisadiyyatı üçün əhəmiyət daşıyır".

Təhməz Əsədov Son.az