“Yerin dirçəlməsi” ayəsinin batini mənası nədir?


Digərləri 29 İyl 2021 21:40:00 141 0

“Yerin dirçəlməsi” ayəsinin batini mənası nədir?

İmam Əli (ə) buyurur: "Ədalət - həyatdır".

Həmçinin Həzrət Əli (ə) buyurur: "Ədalət - əhkam həyatının mənbəyidir".

Allah Təala Müqəddəs Quranda buyurur: "Bilin ki, həqiqətən Allah yeri ölümündən sonra dirildir (onun inkişaf qabiliyyəti olan maddələrinə bir müddət sonra bitki həyatı bəxş edir. Buna görə sərt qəlblərə də iman suyu ilə həyat verəcəkdir). Həqiqətən Biz bəlkə düşündünüz deyə, (Özümüzün tövhid və əzəmət) nişanələri(mizi) sizin üçün aydınlaşdırdıq". ("Hədid" 17).

Bu ayəni oxuyan zaman zahirdəki mənasından belə başa düşülür ki, Allah qışda ölmüş torpağı yaz fəslində yenidən dirildər, ölü toxumu bitkiyə çevirər. Ancaq əgər bu ayənin batininə nəzər salsaq, görərik ki, cəmiyyəti diriltməyin yolu ədalətdən keçər. Yəni, əgər cəmiyyətdə fəsad törədilirsə, bu fəsadın köklərini ancaq ədalət kəsə bilər.

Ədalət cəmiyyətin həkimidir və onun müalicəsi məhz ədalətdən asılıdır.

Muhəmməd Hələbi nəql edir ki, bu ayə ilə bağlı İmam Sadiqə (ə) sual verdim və Həzrət (ə) cavabında mənə buyurdu: "Yerdəki həyat - zülmdən sonra ədalətlədir". Yəni, ədalət gələr və cəmiyyətdə olan zülmə son qoyar, onu aradan aparar.