Zəngəzur uğrunda SOYUQ SAVAŞ


Siyasət 29 İyl 2021 17:54:00 131 0

Zəngəzur uğrunda SOYUQ SAVAŞ

"Sərhəddəki son eskalasiyalardan öncə də gözlənilirdi ki, getdikcə lokal münaqişələr, toqquşmalar baş verəcək. Çünki Ermənistanın bundan əsas məqsədi budur ki, beynəlxalq ictiamiyyətin fikrini bura cəmləşdirsin ki, kommunikasiyaların açılması məsələsi ləngisin, baş tutmasın".

Bunu Son.az-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov deyib.

Ekspert bildirib ki, Qərb dövlətləri, Amerika Paşinyana təzyiq edirlər ki, anklavların geri qaytarılması məsələsi, sərhədlərin delimitasiyası ləngidilsin:

"Ordumuz Ermənistanla əvvəl mövcud olan o təmas xəttini yox etdi. İndi Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşdiyi o ərazilər təbii ki, bizim dədə-baba torpaqlarımızdır. 1970-1980-ci illərdəki sovet höküməti dövründə hazırlanan topoqrafik xəritələrə baxanda həmin bu ərazilər Azərbaycan əraziləri sayılır. Burada Yuxarı Şorca, Qafan, Gorus istiqamətindən Qaragöl, Naxçıvan tərəfindən Kərki, - bunlar hamısı tarixi Azərbaycan torpaqlarıdır. Düzdür, Naxçıvan tərəfindən anklav olubdur, Qazax tərəfdən 7 anklavlar sovet dönəmində hamısı Azərbaycan əraziləri olub. Zaman elə gətirib ki, ermənilər müxtəlif yollarla bu əraziləri zəbt ediblər. 

2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanatda da bu anklavların geri qaytarılması məsələsi gündəmə gətirilib və Ermənistan tərəfi bu əraziləri üzümüzə gələn bu 3, 4 ayın içində  geri qaytarmalıdır. Sentyabrın 27-si Vətən müharibəsinin ildönümüdür, noyabrda isə Zəfər günümüzdür. Ona görə də uzağı Paşinyanın kapitulyasiya aktını imzaladığı tarixə kimi (10 noyabr) bu məsələlər öz həllini tapmalıdır. Ermənistan tərəfi bunların baş verməsin deyə siyasətçiləri, revanşist qüvvələri, müxalifəti və Qərb, - xüsusən də burada canfəşanlıq edən Fransa tərəfidir, - Paşinyana təzyiq edirlər ki, bu anklapların geri qaytarılması məsələsi, sərhədlərin delimitasiyası ləngidilsin, yubadılsın. Buna misal olaraq ABŞ-ın Ermənistandakı səfirinin həmin bölgələri səfərini, yaxud da Fransa prezidenti Emanuel Makronun Ermənistana səfər məsələləri ardıcıl olaraq onu göstərir ki, burada ən azı daxili qüvvələr qədər Qərb də çox maraqlıdır ki, Paşinyan bəyanatın müddəalarını yerini yetirməsin. Çünki təcili sürətdə sülh müqaviləsi imzalanmalıdır. Bu müqavilənin də əsnasında xəritələr, sərhədlər müəyyənləşdirilsin və sülh, əminamanlıq bərqərar olsun. İndi burada Avropanın, xüsusən də Amerikanın əsas məqsədi budur ki, Rusiyanın sülhməramlı qüvvələri Qarabağı tərk etsin və əvəzində bu ərazilərə beynəlxalq hərbi kontingent gətirilib yerləşdirilsin.

Qərbin istədiyi ən vacib məsələlərdən biri də Zəngəzur dəhlizinin açılmaması məsələsidir. Bununla da Türkiyə ilə Rusiya arasındakı iqtisadi, siyasi münasibətlər dərinləşməməyinə çalışırlar. Çünki bildiyiniz kimi hazırda Qərb, ABŞ Rusiyaya xeyli sanksiyalar tətbiq edir. Rusiyanın iqtisadiyyatı çöküş vəziyyətindədir. Həmin o kommunikasiyalar açılarsa, Türkiyə birbaşa Rusiya, Rusiya isə Türkiyə bazarına çıxmaq imkanı qazanacaq. Və bu amil də Rusiyanın iqtisadiyyatını dirçəlişinə yol açacaqdır. 

Sərhəddə atəşkəsin pozulmasının digər səbəbi də burada Qərbin yeni layihəsi ilə bağlıdır. Avropa İttifaqı Ermənistana ayrdığı 2.6 milyard avrodan 0.6 milyard avronu məhz yol infrastrukturunun qurulmasına xərcələnməsi nəzərdə tutulur. Orada məqsəd tunellərin tikilişi, yolların yenidən qurulmasıdır ki, İran vasitəsi ilə Fars Körfəzindən Ermənistana - Ermənistandan Gürcüstana - Gürcüstanın Pote Limanından Avropaya yükdaşımalar həyata keçirilsin. Yəni bu, bizim Zəngəzur dəhlizinə alternativ layihə kimi nəzərdə tutulub. Çünki həmin o bölgələr, hansılar ki, bu gün Azərbaycan nəzarətinə götürübdür, - Qaragöl ətrafındakı yüksəkliklər birbaşa Sisyandakı hava limanına və Qərbin infrastruktur qurmaq istədiyi ərazilərdən keçir. Ona görə Qərb də bu məsələdə çox canfəşanlıq edir ki, 10 noyabr üçtərəfli bəyanatındakı kommunikasiya layihələri reallaşmasın, Naxçıvanla Azərbaycan birləşməsin, Türkiyəyə birbaşa quru yol açılmasın. Bu məsələlərin qarşısını almaq üçün işlər gedir. Sərhəddə baş verən insidentlər də birbaşa bununla bağlıdır. Düşünürəm ki, getdikcə ermənilərin sərhəddəki təxribatları intensiv hal alacaq. Düzdür, biz genişmiqyaslı müharibəyə getməyəcəyik, buna Ermənistanın imkanı da yoxdur. Amma Fransanın Ermənistandakı səfiri bəyanat verdi ki, "əgər lazım olarsa, Ermənistan bizə müraciət edərsə, Fransa ora silahlı qüvvələr göndərə bilər və Ermənistanı hərbi texnika, silah-sursatla təmin edə bilərik". Yəni, bu proseslər ardıcıl olaraq bir-birinin davamıdır. Məqsədləri Qarabağın "statusu" məsələsini gündəmdə saxlayıb mümkün qədər vaxt udmaqdır". 

Təhməz Əsədov Son.az