“Perseverance” aparatı yaxın həftələrdə Mars torpağının nümunələrini toplayacaq


Dünya 23 İyl 2021 21:25:00 173 0

“Perseverance” aparatı yaxın həftələrdə Mars torpağının nümunələrini toplayacaq

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsinin (NASA) mütəxəssisləri yaxın həftələrdə "Perseverance" aparatında olan avadanlıqlar vasitəsilə Mars torpağının nümunələrini toplamağı planlaşdırır.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Amerikanın kosmik qurumunun əməkdaşı, həmin elmi layihənin rəhbəri Cennifer Trosper jurnalistlər üçün təşkil edilən brifinqdə bildirib. Onun sözlərinə görə, əldə edilən nümunələr tədqiq olunmaq üçün Yerə göndərilməlidir.

NASA-nın məlumatına görə, agentliyin mütəxəssisləri "növbəti iki həftə" ərzində nümunələrin toplanması üçün uyğun yer axtaracaq. Torpaq nümunələri bir vaxtlar göl olduğu ehtimal edilən yerdən götürülməlidir.

"Yoxlamaq istədiyimiz fərziyyələrdən biri də keçmişdə Ezero kraterini dolduran gölün bir dəfə deyil, bir neçə dəfə yaranması, quruması və yenidən əmələ gəlməsidir", - deyə layihənin baş elmi mütəxəssisi Ken Farli bildirib. O qeyd edib ki, layihənin əsas məqsədi Marsda uzaq keçmişdə mövcud ola bilən həyat izlərini axtarmaqdır.

Mütəxəssislər, həmçinin kosmik aparatın marşrutu boyunca daim qarşıya çıxan qruntun vulkanik mənşəli olub-olmadığını öyrənməyi planlaşdırırlar. Onlar hesab edirlər ki, bu, planetin geologiyasını başa düşmək üçün vacibdir.