Azərbaycanın müraciəti qəbul olundu


Siyasət 16 İyl 2021 15:30:00 119 0

Azərbaycanın müraciəti qəbul olundu

"Azərbaycanın 10 il öncə Qoşulmama Hərəkatının üzvünə çevrilməsinə baxmayaraq, bu qısa zaman çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi altında olduqca əməli işlər həyata keçirilib. Bunun məntiqi nəticəsidir ki, Azərbaycan 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatına sədr seçilib. Baxmayaraq ki, sədrliyi dövrü üçün həyata keçiriləcək işlərlə bağlı dövlətimizin konkret strateji yol xəritəsi də məlum idi, COVID-19 ilə əlaqədar olaraq dünya tamamilə fərqli bir reallıqla üz-üzə qaldı".

Bunu Son.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, müraciətin müsbət cavablandırılması Azərbaycana olan etimadın, inamın göstəricisidir:

"Pandemiyanın gətirmiş olduğu reallığa çevik cavab verən dövlətimiz qlobal çağırışlar fonunda dərhal effektiv qərarlar qəbul edərək, sədrliyi vəzifəsini layiqincə icra etdi. Dövlətimiz yarısının Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dollar həcmində könüllü maliyyə yardımı etdisə, digər tərəfdən də peyvəndin varlı və kasıb ölkə kriteriyası çərçivəsində ədalətsiz bölünməsinə qarşı çıxır, ölkə başçımız dünya birliyi ilə həmrəylik nümayiş etdirərək, humanist mövqe ortaya qoyaraq beynəlxalq tribunalardan bu məsələni pisləyirdi. Görülən bütün bu müsbət fəaliyyət fonunda Qoşulmama Hərəkatına üzv dövlətlərin 3 illik sədrliyi 2022-ci ildə bitməli olan Azərbaycana Hərəkata əlavə 1 il sədrlik etmək barədə müraciəti müsbət cavablandırıldı. Bu isə birmənalı olaraq Azərbaycan Prezidentinin qlobal liderlik səylərinə verilən yüksək qiymət, Azərbaycana olan etimadın, inamın, eyni zamanda ölkə başçımızın şəxsi nüfuzuna verilən yüksək dəyərin növbəti təzahürüdür. 

Prezident İlham Əliyev öz çıxışlarında hər zaman qeyd edib ki, pandemiyadan çıxış yolu dünya dövlətlərinin ümumi səylərinin ortaya qoyulmasıdır. Bu məqsədlə Azərbaycan humanist, eyni zamanda qlobal aləmin, bəşəriyyətin məsuliyyətli üzvü olaraq Özbəkistana 50 min doza Astra Zeneka vaksini göndərdi. Eyni zamanda, Qırğızıstana da humanitar yardım çərçivəsində 40 min doza "AstraZeneca" peyvəndi göndərəcək. 

Heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sərgilədiyi bu mövqe həm QH kimi böyük təşkilatlarda, həm də bütövlükdə dünyada Azərbaycanın nüfuzunun, sözünün dəyərinin daha da artmasına səbəb olur". 

Təhməz Əsədov Son.az