Siyavuş Aslanla adı çıxdı, aktyorun ailəsini dağıtmaqda günahlandırıldı,


Kriminal 30 May 2021 14:00:00 185 0

Siyavuş Aslanla adı çıxdı, aktyorun ailəsini dağıtmaqda günahlandırıldı,

Son.az Kulis.az-a istinadən ötən əsrin 70-ci illərində duetləri ilə böyük məşhurluq qazanan müğənnilər Təranə Vəlizadə və Eyvaz Həsənov haqqında maraqlı faktları təqdim edir.

Təranə Vəlizadə ilə Eyvaz Həsənov Asəf Zeynallı adına musiqi kollecində tanış olublar. Təranə xanım kollecin gündüz şöbəsində, Eyvaz Həsənov isə axşam şöbəsində oxuyurdu. Lakin bəzən, onlar dərsləri bir yerdə keçir, mahnılar oxuyub, bir-birindən öyrənirdilər. Belə günlərin birində onların isti münasibəti yaranır.

***

Eyvaz Həsənov həm də romantik şeirlərin müəllifi idi. O, Təranə xanımla tanışlığının ilk günlərində ona da bir neçə şeir həsr etmişdi. Günlərin birində Təranə imtahana getmək üçün evdən çıxıb trolleybusa əyləşir. Həmin vaxt Eyvaz əlində tutduğu balaca şeir dəftərçəsini Təranəyə verib oradakı şeirləri oxumasını istədiyini deyir və ondan uzaqlaşır. Dəftərçənin ilk vərəqində "Həyatımdakı ən əziz insana ithaf edirəm" sözləri yazılmışdı.

Həmin vaxtdan onların sevgi münasibəti başlayır. On səkkiz yaşlı Təranə ilk gündən Eyvazı sevir, ona həm də yaxın dost, müəllim kimi baxır. Bir müddət sonra Eyvaz sevdiyi qız üçün elçilərini yollayır. Həmin ərəfədə Təranəyə bir neçə yerdən adlı-sanlı adamlar elçi düşdüyü üçün atası Eyvazın adamlarına "hə" cavabı vermir. Ancaq qızının sevgisinin güclü olduğunu görəndən razılaşmaqdan başqa çarəsi qalmır.

***

Onlar yağışlı noyabr günündə ailə qurur. Dostlarının, yaxınlarının sözlərinə görə, cütlüyün sevgi macərası o dövr üçün görünməmiş hadisə idi. İnsanlar onlara dövrün Leyli və Məcnunu kimi baxır, o cür qəbul edirdilər. Onlar bir-birini o qədər gözəl tanıyırdılar ki, bəzən demək istədiklərini bir baxışla anladırdılar.

***

Ancaq deyilənə görə, Eyvazın qadın pərəstişkarları həddindən artıq çox imiş. O, hər dəfə toydan, konsertdən evə gələndə paltarlarının cibindən çoxlu məktublar çıxırmış. Təranə Vəlizadə isə həyat yoldaşını hədsiz dərəcədə qısqanır, onunla mübahisə edir. Təranə xanım müsahibələrinin birində bu haqda deyir: "Əlbəttə, hər bir ailədə söz-söhbət, mübahisə olduğu kimi bizdə də olurdu. Mən onu çox qısqanırdım, o da məni qısqanırdı, amma mənim qədər büruzə vermirdi. Buna baxmayaraq, onun mənim qədər kimisə sevməsinə inanmıram."

Bəzən, Eyvazı toya tək dəvət edəndə onunla danışığa qadın gəlirmiş. O isə həmin qadınla danışmaz, Təranə xanımın telefonunu verib deyirmiş ki, mən qadınla toy haqqında danışıb ondan pul istəyə bilmərəm. Bu nömrəni götürün, Təranə ilə danışın.

***

Günlərin birində Təranə xanım yuxudan oyanıb görür ki, evdən quzu mələrtisi gəlir. Əvvəl elə bilir yuxu görür, sonra reallıq olduğunu anlayır. Eyvaz yatan otağa keçib görür ki, yerində yatan Eyvazın qucağında balaca bir quzu var. Sən demə, gecə saatlarında onların tövləsində quzu doğulub və quzunun anası ölüb. Eyvazın quzunu tövlədə tək qoymağa ürəyi gəlmir.

Azərbaycanda ilk duet ifaçıları Eyvaz Həsənovla Təranə Vəlizadə olub. Onların konsertləri hər zaman böyük anşlaqla keçib. Konsertlərə bilet tapılmayıb, konsert zamanı izdihamdan klubların pəncərələri, qapıları sınırmış. Bu konsertlərdə bəzən insanlar konsert salonlarına, klublara yerləşməyib, bayırdan konserti izləməyə çalışırmışlar. Kolxozlarda konsert verən zaman isə onlar insanların sevgisini nəzərə alıb, tarlanın ortasında lafetin üstündə konsert verirmişlər.

***

Ancaq deyilənlərə görə, Təranə Vəlizadə özündən on beş yaş böyük olan Xalq artisti Səyavuş Aslanla uzun müddətli sevgi münasibəti yaşayıb. Hətta, bu hadisə Xalq artistinin ailəsinin dağılmasına, Ofeliya Aslanın ərindən ayrılmasına səbəb olub. Televiziya verilişlərinin birində müğənni deyilənlərin yalan olduğunu bildirib:

"Müğənninin axı öz ailəsini güclə saxlayan qoca kişi nəyinə lazım idi? O, xüsusi insanlar tərəfindən uydurulmuş şayiə idi ki, həm onun, həm də mənim ailəmi dağıtsın. Sadəcə, məni bu məsələdə qurbanlıq quzu etdilər. O zaman mən Səyavuş Aslanı tanımırdım, heç yerdə görüşüb belə salam verməmişdim. Onunla ünsiyyəti olanı Allaha tapşırıram. Bu xəbərlər əsassız idi".