Navalnının azad olunması tələbi ilə Rusiyanın müxtəlif şəhərlərində aksiyalar keçirilib


Dünya 23 Yan 2021 20:58:00 158 0

Navalnının azad olunması tələbi ilə Rusiyanın müxtəlif şəhərlərində aksiyalar keçirilib

Rusiyalı bloger Aleksey Navalnının azad olunması tələbi ilə Rusiyanın müxtəlif regionlarında aksiyalar keçirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, razılaşdırılmamış aksiyalar əsasən Moskva, Sankt-Peterburq, Kazan, Yekaterinburq, Novosibirsk, Vladivostok, Xabarovsk, Tomsk, Ulan-Ude, Kemerovo və digər şəhərlərdə keçirilib.

Aksiyalarda "Navalnıya azadlıq", "Putin get" və hakimiyyət əleyhinə digər şüarlar səsləndirilib.

Hüquq-mühafizə orqanlarının razılaşdırılmamış etiraz aksiyalarına qatılanlara qarşı ciddi xəbərdarlıq etməsinə baxmayaraq, aksiyalara xeyli sayda insan qatılıb. Nəticədə polis tərəfindən bir çox aksiya iştirakçısı saxlanılıb.

Saxlanılanlar arasında Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya, tərəfdarları, müxalif yönlü media nümayəndələri də var.

Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyalarında polislə etirazçılar arasında toqquşmalar olub.

Moskvada Puşkin meydanında toplaşan etirazçılar Tverskaya küçəsi boyunca Kreml yaxınlığındakı Manej meydanına yürüş ediblər. Polis qeyri-qanuni aksiyaya görə Manej meydanını bağlayıb. Etiraz aksiyası səbəbindən paytaxtın mərkəzi küçələrində hazırda tıxac müşahidə olunur. ​

İndiyə kimi etiraz aksiyalarında 1 300-dən çox insanın saxlanıldığı bildirilir.