Gürcüstanın böyük şəhərlərində sərt karantin rejimi tətbiq ediləcək


Dünya 26 Noy 2020 17:09:00 157 0

Gürcüstanın böyük şəhərlərində sərt karantin rejimi tətbiq ediləcək

Noyabrın 28-dən Gürcüstanın Tbilisi, Batumi, Kutaisi, Rustavi, Qori, Poti, Zuqdidi və Telavi kimi böyük şəhərlərində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris prosesi onlayn rejimə keçiriləcək.

Son.az APA-ya istinadən bildirir ki, Gürcüstan Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar olaraq sözügedən şəhərlərdə məktəblər və peşə təhsil müəssisələri, tibbi təhsil verən ali məktəblər istisna olmaqla bütün universitetlər distant rejimə keçəcəklər.

Özəl və dövlət uşaq bağçalarının fəaliyyəti isə tam dayandırılacaq.

Qərara əsasən böyük şəhərlərdə açıq və qapalı məkanlarda bütün sərgilər ləğv olunacaq, həmçinin bələdiyyəyə məxsus ictimai nəqliyyat vasitələrinin fəaliyyəti dayandırılacaq. Aptek, baytarlıq, qida və təmizlik məhsulları satılan obyektlər istisna olmaqla bütün ticarət obyektlərinin fəaliyyəti məhdudlaşdırılacaq və onların fəaliyyətinə yalnız çatdırma xidməti şəklində icazə veriləcək. Eyni məhdudiyyətlərin Gürcüstanın qış kurort zonaları hesab edilən Bakuriani, Qudauri, Qoderdzi və Mestiada da tətbiq ediləcəyi bildirilib.