Cənubi Koreya paytaxtında karantin rejimi yenidən sərtləşdirilib


Dünya 25 Noy 2020 00:45:00 160 0

Cənubi Koreya paytaxtında karantin rejimi yenidən sərtləşdirilib

Cənubi Koreyanın paytaxtı Seulda COVID-19 pandemiyası ilə əlaqədar karantin rejimi yenidən sərtləşdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 10 milyon sakinin yaşadığı Seulda sərtləşdirilmiş karantin rejimi ilin sonunadək qüvvədə olacaq. Yeni qaydalara əsasən, 10 nəfərdən çox toplaşmaq qadağan edilib, gecə vaxtı ictimai nəqliyyatın fəaliyyəti azaldılıb.

Bildirilir ki, karantin rejiminin sərtləşdirilməsinə səbəb son günlər paytaxt və onun ətrafında virusa gündəlik yoluxma hallarının sürətlə çoxalması olub. Seul meri vəzifəsini icra edən Seo Ceonq-hyup bildirib ki, paytaxtda əhalinin sıx olduğu yerlərdə, o cümlədən dini ibadətgahlarda, qapalı idman zallarında, əyləncə və istirahət mərkəzlərində, restoranlarda karantin tədbirlərinə riayət olunmasına nəzarət gücləndiriləcək. Axşam saat 10-dan sonra xətdə olan avtobusların sayı azaldılacaq, ehtiyac olarsa adi günlərdə gecəyarıyadək işləyən metronun fəaliyyəti saat 23:00-da dayandırılacaq. Ahıllar evində yaşayanların ərazini tərk etməsinə və onlarla görüşlərin təşkilinə qadağa qoyulub.

Bəzi mütəxəssislər havaların soyuması ilə virusun yayılmasının daha da sürətlənəcəyi barədə proqnozlar verib. Onlar Cənubi Koreyada qış mövsümündə pandemiyanın gözlənilən 3-cü dalğasının əvvəlkilərdən daha güclü olacağını düşünürlər. Bundan başqa, mövsüm xəstəliklərinə yoluxanların ehtimal olunan çoxluğu səbəbindən xəstəxanalarda COVID-19 pasiyentlərinə daha az çarpayı qalacağı da gözlənilir.