Dünya ictimaiyyəti 30 il sonra "ayılır"


Siyasət 30 Okt 2020 12:17:00 158 0

Dünya ictimaiyyəti 30 il sonra "ayılır"

Cəbhədə gərginlik artdığı gündən etibarən bir neçə ölkələr istisna olmaqla digər dövlətlər tərəfindən Azərbaycanda baş verənlərə qarşı biganə münasibət göstərilir, məlumatlar təhrif olunmuş formada təqdim olunur, ya da ümumiyyətlə, bu hadisələr barədə məlumat verilmir. Cəbhə bölgəsindən kilometrlərlə uzaqda yerləşən ərazilərdə yaşayan dinc əhalinin erməni hərbçilər tərəfindən bombalanmasına, qadağan edilmiş silahların mülki insanlara qarşı istifadəsinə göz yumulur.

Xüsusilə, xristian dinli əhalinin üstünlük təşkil etdiyi ölkələr Azərbaycanda baş verənlərə daha laqeyd yanaşırlar. Hətta illərdir torpaqlarımızı işğal altında saxlayan Ermənistanı yox, bizi təcavüzkar ölkə kimi təqdim etməyə çalışırlar. Bu kimi məsələlərdə erməni lobbisinin işi böyük təsirini göstərir. Onlar məşhur şirkətlərin nüfuzundan istifadə edərək dünyada Azərbaycana qarşı mənfi fikir formalaşdırıb, özlərini əzilən, təcavüzə məruz qalan ölkə kimi təqdim edirlər. Bəzi şirkətlər təxribatlara uysa da, bəziləri bu məsələdə haqq-ədalətin, yəni, bizim tərəfdə olduqlarını bildiriblər.

Erməni lobbisi uzun illər ölkələri barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına mane olublar, Ermənistandakı real durum barədə obyektiv dəyərləndirmə aparılmasının qarşısını alıblar. Lakin indi vəziyyət dəyişir. "Human Rights Watch" və "Amnesty International"ın son bəyənatları bunu deməyə əsas verir.

"Human Rights Watch" bəyan edib ki, Ermənistan silahlı qüvvələri Bərdəyə hücum zamanı beynəlxalq səviyyədə istifadəsi qadağan olunmuş kasetli döyüş sursatları və ən azı bir uzun mənzilli raket növündən istifadə edib. "Amnesty International" təşkilatı da Bərdə şəhərində Ermənistan silahlı qüvvələrinin qadağan olunmuş klaster bombalarından istifadə etdiyinə dair faktı təsdiqləyib. Təşkilatların adından yayılan bəyanatında klaster silahlardan istifadəni yasaqlayan Konvensiyaya istinad edilərək bildirilir ki, Ermənistan ordusunun bu yasağı pozması nəticəsində oktyabrın 28-də Bərdədə 21 mülki şəxs həyatını itirib, 70 nəfər isə yaralanıb.

Sözügedən bəyanatlar göstərir ki, Ermənistan informasiya müharibəsində də iflasa uğrayır, bu savaşda da Azərbaycana uduzur. Artıq erməni şəbəkəsinin Azərbaycan haqqında yalan informasiyalar yayaraq beynəlxalq ictimai rəyi çaşdırması onlar üçün çətin hala gəlir. Belə bəyanatlar bu yöndə yeni dönəmin başldağını, dünya ictimaiyyətinin "ayıl"dığını göstərir. 27 ildir ki, kağız üzərində qalan qətnamələr isə rəşadətli ordumuz tərəfindən icra olunur.

Bəxtiyar Umarlı Son.az