ABŞRusiyaÇin "geosiyasi üçbucağı":


Dünya 19 Sen 2020 18:18:00 141 0

ABŞRusiyaÇin "geosiyasi üçbucağı":

Koronavirus pandemiyasının tüğyan etdiyi hazırkı tarixi mərhələdə dünyanın üç böyük gücü - Amerika, Rusiya və Çin arasında münasibətlərin daha da pisləşdiyi barədə ekspert fikirlərinə tez-tez rast gəlirik. Həqiqət naminə demək lazımdır ki, həmin ölkələrin hər biri digərini kəskin tənqid edir. ABŞ Çin-i insan haqlarını tapdalamaqda, sivil dünyaya təhlükə törətməkdə qınayır. Rusiyanı silahlanmanın məhdudlaşdırılması ilə bağlı müqaviləni pozmaqda suçlayır. Moskvanı dünyanın müxtəlif regionlarında geosiyasi proseslərə qarışmaqda ittiham edir. Kremlin Yaxın Şərqdə və Avropada atdığı addımları tənqid edir. Pekin isə Amerikanı özünün daxili işlərinə qarışmaqda günahlandırır. Bunların beynəlxalq hüquqa ciddi zərər vurduğunu ifadə edir. Rusiya da Amerikanı beynəlxalq arenada qanunların aliliyinə məhəl qoymamaqda, dövlətlərin daxili işlərinə müdaxilə etməkdə suçlayır. Bu sırada NATO-nun London sammitində Rusiyanın Çinlə bərabər təhlükə kimi xarakterizə edilməsini qərəzli sayır. Yekun olaraq bu cür qarşılıqlı ittihamlar üç böyük dövlət arasında münasibətlərə xeyli risklər gətirir və qlobal geosiyasi vəziyyətin daha həssas səviyyəyə yüksəlməsinə təkan verir. Bu kimi faktorların prizmasından ABŞ-Rusiya-Çin münasibətlərinin geosiyasi aspekti üzərində geniş dayanmağa ehtiyac görürük.

Vaşinqtonun ittihamları: Moskva və Pekinin cavabı

Son.az newtimes.az-a istinadən xəbər verir ki, Şimali Atlantika Alyansı London sammitində Rusiya və Çini başlıca təhlükə elan edəndən sonra Moskva və Pekinin cavabı özünü çox gözlətmədi. NATO hər iki böyük dövləti iqtisadi, hərbi və təhlükəsizlik faktorlarına görə özünə təhdid hesab edirdi. Burada konkret detallar fərqli ola bilər. Lakin ümumi istiqamət aydındır: Qərb Rusiya ilə Çinin dünya miqyasında güclü rəqib olmasını qəbul etmək istəmir. O cümlədən bu iki dövlətin zəifləməsi üçün müxtəlif bəhanələrə əl atır. Bu fakt London sammitində öz təsdiqini tapdıqdan sonra uyğun cavabın necə olacağı geniş diskussiyalar doğururdu.

London sammitindən cəmi iki gün sonra Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin bəyan etdi: "NATO Rusiyaya qarşı ikili standartlardan imtina etməyib". Bu siyasətin tarixçəsi uzundur. NATO, eyni zamanda, hərbi təzyiq və dialoqa dəstəyi yeritməyə çalışır. Lakin təcrübə göstərir ki, dialoq payı çox az, təzyiq payı isə çoxdur.

Məsələn, qısa və ortamənzilli raketlərlə bağlı müqavilə ətrafında Rusiyanın dialoq təklifinə NATO mənfi cavab verib. Arqument belədir ki, Rusiya ortamənzilli raketlərini artıq yerləşdirib, bundan sonra hansı dialoqdan danışmaq olar.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə daha faciəvi mənzərə təsvir edir. Onun sözlərinə görə, Rusiya ilə NATO arasında nəinki dialoq dayandırılıb, hətta getdikcə daha gərgin vəziyyət yaranır. O cümlədən təhlükəsizlik aspekti xeyli pisləşib.

Ekspertlər hesab edirlər ki, Vaşinqton üçün başlıca təhlükə Çindir. Bu, Avropa İttifaqı məsələsində də özünü göstərir. Həmin səbəbdən Pekinlə bağlı uyğun siyasət hazırlanmalıdır. Praktikada isə buna nail olmaq çox çətin görünür. Hələlik Qərbin Çinlə bağlı başlıca tezisi belədir: Çinin yüksəlişi təhlükə yaratmaqla yanaşı, yeni imkanlar da açır. Rusiyaya qarşı isə daha sərt mövqe vardır. Ona məlum iradlar saxlanılır. Bununla yanaşı, dialoq və qarşılıqlı əlaqələri qoruyub saxlamaq da arzu edilir. Lakin Moskva və Vaşinqton silahlanmaya nəzarət mexanizmi üzərində yenidən işləməlidirlər. Əks təqdirdə, ekspertlər getdikcə daha təhlükəli qarşıdurmanın meydana gələcəyini ehtimal edirlər. Çin məsələsində isə daha həssas bir məqam özünü göstərir. Pekin dalbadal ABŞ-ı qınayan bəyanatlarla çıxış edir. Son hadisələrdən biri Çinin xarici işlər naziri Van İnin Amerikanı ittiham etməsidir.

Çin Xarici İşlər Nazirliyi rəhbərinin fikrinə görə, ABŞ müasir dünyada "sabitliyi pozmaqda davam edir". Bunu əsaslandırmaq üçün o, faktlar da gətirir. Məsələn, son iki il müddətində Vaşinqton Trans-Sakit okean Tərəfdaşlığı üzrə razılaşmadan çıxıb. İqlimlə bağlı Paris sazişini imzalamaqdan imtina edib. Qısa və ortamənzilli raketlərlə bağlı məlum sazişdən çıxıb. BMT-də insan haqları şurasını tərk edib. Diplomatik təmaslarla bağlı Vyana konvensiyasından çıxıb... Bütün bunlar beynəlxalq ictimaiyyət üçün çox böyük problemlər yaradır və dünyanı xaosa sürükləyir.

Amerika dünyanın ən qüdrətli dövləti kimi belə birtərəfli addımlar atdıqca vəziyyət faciəviliyə doğru sürüklənir. Van İ hesab edir ki, ABŞ Çinin dövlət suverenliyinə aid məsələlər ətrafında spekulyasiya yaratmağa çalışır. Ölkənin milli ləyaqətini aşağılamaq istəyir. Misal kimi Van İ Honkonq, Tayvan, Sincan-Uyğur muxtar bölgəsi, Tibet məsələlərini göstərib, insan haqlarına işarə edib. Çinin mövqeyinə görə, bütün bunlar Çinin daxili işləridir və həmin səbəbdən kənardan müdaxilə doğru deyil. İnsan haqları sahəsində Pekinə edilən iradların əsası yoxdur.

Bütün bunların fonunda Vaşinqton, nazirin sözünə görə, müxtəlif beynəlxalq meydanlardan Çinin inkişaf xəttini mənfi obrazda təqdim etməyə çalışır, onun bir sıra ölkələrlə əməkdaşlığına zərər vurmaq istəyir. Bütövlükdə Çin XİN rəhbəri hesab edir ki, hazırda ABŞ-Çin münasibətləri son 40 ilin ən mürəkkəb mərhələsini yaşayır.

Çinin Dövlət Şurasının üzvü Yan Çzeçi ABŞ dövlət katibi Mayk Pompeo ilə telefon danışığında Amerikanın hərəkətlərinə etirazını bildirib. O, Vaşinqtonu Honkonq və Uyğur məsələlərində qərəzlilikdə ittiham edib. ABŞ Konqresində hər iki məsələ ilə bağlı xüsusi qanun layihəsi hazırlanıb. Bu, həm Çinin daxili işlərinə qarışmaqdır, həm də beynəlxalq hüquq normalarını kobud surətdə pozmaqdır.

Rəqabətin dinamikası: dağıdıcı tendensiyaların fonunda