"Sabitlik və təhlükəsizlik pozulan yerlərdə uğurdan danışmaq qeyrimümkündür"


Siyasət 05 Avq 2020 17:13:00 175 0

"Sabitlik və təhlükəsizlik pozulan yerlərdə uğurdan danışmaq qeyrimümkündür"

"Livanda baş verən dəhşətli partlayış və faciə fonunda ölkədə sabitliyin böyük təhlükə altına düşməsi bir daha bütün ölkə rəhbərlərinin, siyasətçilərinin və ictimaiyyət nümayəndələrinin bu tipli hadisələrin hansı miqyasda zərərlər verə biləcəyi üzərində düşünməyə vadar edir".

Bunu Son.az-a açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, ölkədə sabitlik və təhlükəsizlik problemi üzərində təkcə dövlət orqanları yox, ictimaiyyət və hər bir fərd maraqlı olmalıdır:

"Xüsusilə də möhkəm sabitliyin bərqərar olduğu ölkələrdə məsələlər olduqca həssasdır. Çünki möhkəm sabitliyin bərqərar olduğu Azərbaycan kimi ölkələrdə bilirik ki, sabitliyi pozmaq istəyən həm daxili, həm də beynəlxalq qüvvələr var.

Heç şübhəsiz ki, bu gün Livanda sabitliyi və insan təhlükəsizliyini böyük qorxu altına almış olan və bir partlayışdan başlayan proseslər öz kökü etibarı ilə həm ölkənin daxilinə bağlıdır, həm də istisna deyil ki, onun beynəlxalq miqyasda müəyyən bağlı olduğu mərkəzlər var. Ona görə də ölkədə sabitlik və təhlükəsizlik problemi üzərində təkcə dövlət orqanları yox, ictimaiyyət və hər bir fərd maraqlı olmalıdır. Xüsusilı də qeyd etmək lazımdır ki, Azərbaycanda bu gün əldə olunmuş təhlükəsizlik və sabitlik şəraitinin çox böyük bir dəyər olduğuna Azərbaycan xalqı lazımı qiyməti verir. Azərbaycan xalqı praktikada görür və müqayisə edir ki, Livanda baş verən həmin hadisələr fonunda artıq həmin ölkədə hər hansı əhəmiyyətli, sosial, iqtisadi və yaxud da ki, islahat layihəsini uğurla həyata keçirmək mümkünsüzdür".

Ekspert qeyd edib ki, Livan kimi, Suriya kimi ölkələrdə pozulan təhlükəsizlik, sabitlik ilk növbədə sabitliyi və təhlükəsizliyi bərqərar etmiş ölkələrə, onların ictimaiyyətinə və siyasətçilərinə ciddi bir mesajdır:

"Azərbaycan cəmiyyətində hər kəsin bir daha görmək və qiymətləndirmək imkanı var ki, sabitliyin və təhlükəsizliyin pozulduğu Livan kimi ölkələrdə hər hansı bir uzunmüddətli, mütərəqqi layihələr və proyektlər həyata keçirmək qeyri-mümkündür. Bizim ictimaiyyətimizə bir daha görünür ki, Azərbaycanın bu gün islahatlar sahəsində dəyişikliklər və mütərəqqi layihələrin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlər ölkədə əsasən sabitlik və təhlükəsizlik mühitinə bağlıdır. Azərbaycan xalqının, bütün siyasi qüvvələrin bu gün bir daha müqayisə aparmağa imkanı var ki, sabitlik və təhlükəsizlik pozulan yerlərdə hər hansı bir uğurdan danışmaq qeyri-mümkündür.

Dünyanın Livan kimi, Suriya kimi ölkələrdə pozulan təhlükəsizlik, sabitlik ilk növbədə sabitliyi və təhlükəsizliyi bərqərar etmiş ölkələrə, onların ictimaiyyətinə və siyasətçilərinə ciddi bir mesajdır. Ona görə də Livanda baş verən bu hadisələrin qarşısının alınması və normal həyatın tezliklə bərpa olunması Azərbaycan üçün bir humanist istək olmaqla bərabər, eyni zamanda Azərbaycana bir mesajdır. O mənada ki, ölkədə bu gün artıq xalqın, cəmiyyətin dəyərinə çevrilmiş sabitliyi və təhlükəsizliyi qoruyub saxlamaq hər bir vətəndaşın ən ümdə vətəndaşlıq borcudur". 

Təhməz Təkin Son.az