"Dövlət xərclərə görə narahat olmadığını nümayiş etdirdi və heç nəyi vətəndaşlarından əsirgəmədi"


Siyasət 05 Avq 2020 14:50:00 174 0

"Dövlət xərclərə görə narahat olmadığını nümayiş etdirdi və heç nəyi vətəndaşlarından əsirgəmədi"

"Ölkəmizdə əhalinin sağlamlığının qorunması və məşğulluğun, sosial rifahın dəstəklənməsi, iqtisadiyyatın stimullaşdırılması görülən tədbirlərin əsas istiqamətlərini təşkil edir"

Azərbaycan dövlətinin və hökumətinin yaranmış vəziyyətlə əlaqədar çox çevik reaksiya göstərməsi və atdığı addımlar xarici dairələrin də diqqətindən yayınmayaraq müsbət qiymətləndirilib.

Bunu Son.az-a iqtisadçı-ekspert Pərviz Heydərov pandemiya ilə əlaqədar məşğulluğun və sosial rifahın dəstəklənməsi sahəsində görülən tədbirləri şərh edərkən deyib.

O bildirib ki, pandemiya ilə əlaqədar böhran dövlətimizin və hökumətimizin qarşısında birdən-birə sayca iki olduqca mühüm və vacib məsələni həll etmək vəzifəsi qoyub:

"Birincisi, əhalinin sağlamlığının qayğısına qalmaq, ikincisi isə, iqtisadiyyatı neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən, həmçinin, maliyyə və iqtisadi sarıdan daxili nizam-intizamın pozulmasından və baş verə biləcək xaos və misilsiz tənəzzüldən sığortalamaq idi. Azərbaycan dövlətinin və hökumətinin yaranmış vəziyyətlə əlaqədar çox çevik reaksiya göstərməsi, yuxarıda qeyd etdiyim hər iki vəzifəni həll etmək istiqamətində operativ fəaliyyəti və atdığı addımlar isə xarici dairələrin də diqqətindən yayınmayaraq müsbət qiymətləndirildi. Belə ki, hər iki vəzifənin icrası sinxron həyata keçirildi və hazırda da bu siyasət davam etdirilməkdədir.

Ümumiyyətlə, ölkəmizdə əhalinin sağlamlığının qorunması və məşğulluğun, sosial rifahın dəstəklənməsi, iqtisadiyyatın stimullaşdırılması görülən tədbirlərin əsas istiqamətlərini təşkil edir. İqtisadiyyata və sosial rifaha təxirəsalınmaz dəstək tədbirlərinin görülməsi üçün ümumi dəyəri 3,5 milyard manat, o cümlədən məşğulluq və sosial rifah bölməsinə 600 milyon manat, yəni 2 milyard ABŞ dollarından ibarət olan xüsusi Fəaliyyət Planı təsdiq edildi. Məşğulluq və sosial rifahı dəstəkləmək üçün 4 istiqamət üzrə 12 tədbir reallaşdırılmaqla, əhalinin 48 %-i - 4,8 milyon nəfər əhatə dairəsinə alındı. Eyni zamanda, işsiz və gəlirini itirmiş aztəminatlılardan ibarət 600 min şəxsə yaşayış minimumu qədər birdəfəlik ödənişlərin həyata keçirilməsi də qeyd olunmalıdır.

Sözün qısası, ən azından insanların evdə qala bilməsi üçün əvvəlcə 1 milyard manat məbləğində sosial-iqtisadi paket nəzərdə tutulmuşdusa, sonra bu rəqəmin 2,5 milyard manat təşkil etməklə və ilkin olaraq həyata keçirilən addımlardan sonra vəsaitin həcminin 3-3,5 milyard manatı ötməsiylə, dövlət xərclərə görə narahat olmadığını nümayiş etdirdi və heç nəyi vətəndaşlarından əsirgəmədi.

Proses hələ davam edir və tam olaraq hələ nə vaxt bitəcəyi bəlli deyil. Yeri gəlmişkən, bəziləri həyata keçirilən tədbirlərin və görülən işlərin yalnız maliyyə tərəfini hesablamaqla məşğuldurlar - sanki, hər şeyi məhz bu həll edir. Və müqayisələr gətirirlər ki, filan inkişaf etmiş ölkədə anoloji vəziyyətlə əlaqədar milyardlarla və trilyonlarla vəsait xərclənir və daha yeni-yeni həcmlərdə vəsaitlər ayrılması nəzərdə tutulur. Ancaq əsas, nə qədər pul xərcləniləcəyi ilə deyil, xərcləniləcək pulun səmərəsindədir. Dövlət büdcəsindən bütün qeyd olunan dəstək proqramlarının həyata keçirilməsi üçün indiyədək 600 milyon manatdan çox vəsait ayrılıb. Yerdə qalan vəsaitin isə ilin sonuna kimi ayrılması nəzərdə tutulur. Tendensiya onu göstərir ki, bir tərəfdən gəlirlər azalır, digər tərəfdən pandemiyaya qarşı mübarizə üçün əlavə vəsaitlərə ehtiyac yaranır".

Bəxtiyar Umarlı Son.az