"Sevinməliyik, çalışmalıyıq ki, koronavirus Azərbaycandan çəkilməsin!"


Siyasət 04 Avq 2020 17:17:00 170 0

"Sevinməliyik, çalışmalıyıq ki, koronavirus Azərbaycandan çəkilməsin!"

Xalqa və dövlətə nə qədər pis olarsa, onlara bir o qədər yaxşıdır. Vətəndaşlarımızın durumu pisləşərsə, onlar özlərini əla hiss edəcəklər. Bu, hansısa absurd ssenari və ya fantasmoqorik siyasi antiutopiya deyil.

Tam əksinə, reallıqdır. Özü də çox acı və iyrənc bir gerçəklik.

Özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran strukturun "Koordinasiya Mərkəzi" adlı qeybətxanası artıq sosial şəbəkələrdə məşhurdur. Yorğun demokrat kimi görünməyə çalışan professor Cəmil Həsənlinin guya rəhbərlik etdiyi, əslində AXCP sədri Əli Kərimlinin tam kontrolunda olan bu yığnağın yeni videosu yayılıb.

Çox istərdim ki, bu videoda dünyanın müxtəlif ölkələrində soydaşlarımızın keçirdikləri aksiyalardan bəhs olunaydı, erməni azğınların həmin aksiya iştirakçılarına hücumları pislənəydi və o cinayətkarların layiqli cəzalarını alması üçün yollar müzakirə olunaydı.

Yox, əvvəlki biabırçı düşüncə izharı, bəsit "taktika" axtarışları və tin söhbətlərinin çayxana motivasiyasına pərçimlənmiş nümayişi.

Cəmil Həsənli, ümumiyyətlə, maraqsız tipdir. Onu zorla inandırıblar ki, siyasətçidir, vətənpərvərdir və s. Fəqət, cənab Həsənli Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamaları, İrəvanın "qədim erməni şəhəri" olması ilə bağlı sərsəm bəyanatları ilə bağlı olduğu Vaşinqtonda bir mətbuat konfransı keçirməyib, tarixçi kimi Paşinyanın iddialarını cavablamayıb.

Əvəzində o, "Koordinasiya Mərkəzi"inin dedi-qodu və donquldanma prosedurlarına qatılaraq oradakı danışan başları qımışaraq izləyir, aradabir "müdrik" replikalarını əlavə edir.

Biçarəlik pyesinin növbəti mizan-səhnəsi.

"Zoom" proqramı vasitəsilə virtual məkanda bir araya gələnlər koronavirus pandemiyası ilə mübarizə aparan Azərbaycanı müzakirə edirlər.

Şübhə yox ki, koronavirus insanlarımızın həyatını çox ağırlaşdırıb. Karantin rejiminin aylarla davam etməsi sinirləri gərir, insanların adi iş və həyat rejimlərin pozulması onları qıcıqlı edib, üstəlik iqtisadiyyat da ağır itkilər verir.

Hamımız əziyyət çəkirik və xilas yollarını arayırıq.

Vətəndaş da, dövlət də problemin çözümünü arayır. Çünki vətəndaş da, dövlət də maddi itkilər verir. Aylardan bəri davam edən bu rejimdə yaşamaq, doğrudan da, çox çətindir.

Və belə duruma sevinmək olarmı?

Sən demə, olar.

"Koordinasiya Mərkəzi"nin mənsublarını dinləyək.

Əqidəsi ilə siyasi simasını, mövqeyini və "hami"lərini dəyişən Gültəkin Hacıyeva deyir: "Karantinə görə insanların narahatlığı artır, pulu, yeməyi azalır, dolanışğı çətinləşir. Bu da, açığı, karantin qaydalarının uzadılması birmənalı olaraq bizə sərf edir. Evində oturan insanların etirazı artır, işləməyən, pulu azalan adamların etirazı artır. Kimsə yemək almaqda çətinlik çəkir, xalqın güzəranı pisləşir və s. Buna sevinmək lazımdır. Biz maraqlı olmalıyıq ki, xəstəlik tez çəkilməsin, karantin bir az da uzansın, bizim də əlimizə imkan versin ki, dövlətin yaxasına çökək, hay-küy salaq ki, pul paylayın, əl çəkməyək və beləliklə də təbliğatımızı davam etdirək. Ona görə də heç narahat olmayın - karantinin uzanması və xalqın güzəranının pisləşməsi birmənalı olaraq bizim xeyrimizədi".

"Zoom" konfransınlarında daimi istehza, lağlağı və rişxənd obyekti olan, "Milli Şura" şapitosunda "ən zəif bənd"ə döndərilən Rahim Hacıyev söhbətə qoşulur: "Heç kim bizi dəstəkləmir... Kimin nə dostu-tanışı, samballı müxalifətçilər varsa, onları məcbur etmək lazımdır ki, bizi dəstəkləyən statuslar yazsınlar. Məsələn, mən birindən xahiş etdim. Yazdı. Yaxşı da yazdı".

Və "Azadlıq" qəzetinin sabiq baş redaktoru Qənimət Zahid: "Bilirsiniz, adamlar özləri öz xoşları ilə yazmaq istəmirlər, gərək boyunlarına yükləyəsən. Məsələn, Bəxtiyar Hacıyevin boynuna yüklədim yazdı, Nəsimi Məmmədlini yüklədim yazdı".

Çox "maraqlı" açıqlamalardır.

Əvvəla, bəlli olur ki, "Milli Şura"nın və AXCP-nin "karantin rejimi ilə bağlı Azərbaycanda adambaşına 500 manat verilsin" bəyanatı sən demə, məhz bu yığnaqda hazırlanan, sırf provokativ çağırış olduğunu müəlliflərin özlərinin də boyunlarına aldıqları məsələdir.

Bloqer Bəxtiyar Hacıyevin AXCP və "Milli Şura"nın marginallarının "xahiş"i ilə Facebook profilində statuslar yazaraq paylaşması iddiası diqqətəlayiqdir. Təbii, əsla şübhəm yoxdur ki, B.Hacıyev ya bunu bilmərrə təkzib edəcək, ya da "dostların ümumilli maraq doğuran məsələ ilə bağlı tövsiyəsini, xahişini nəzərə aldım" yazacaq.

Bloqer Hacıyevin mövqeyi bəlli və izafi təhlilə ehtiyac duymuram.

Zavallı durum "Milli Şura" və AXCP rəhbərliyinin yaşadıqları situasiyadır ki, onlar sırf öz merkantil, politikan maraqlarını təmin etmək, özlərinə dəstək statusu yazdırmaq üçün kimlərisə "yükləməyə" çalışırlar.

İfadəyə, jarqona fikir verin - "yükləmək"...

Belə də olmalıdır. Siyasətin ən aşağı ekstremumunda olanlar ölkənin ağır vəziyyətə düşməsini arzulayır, vətəndaşın yaman gününü ümidlə gözləyirlər.

Ki, bunlar vəziyyətdən bəhrələnə bilsinlər, yaman günü bayram etsinlər.

İnsan ölümləri, iqtisadiyyatın çətin durumu, vətəndaşlarımızın maddi rifahının və təminatının aşağı düşməsi yığnaq müzakirəsinə qatılanları sevindirir.

Təəssüflər olsun ki, radikal müxalifətimiz bu gündədir və düşdüyü bataqlıqdan çıxış yolu aramaq əvəzinə, "milyonlarla tərəfdarımız var" söyləyərək azsaylı tərəfkeşlərini aldatmaq, sosial şəbəkələrdəki saxta profillər vasitəsilə "mübarizənin miqyaslılığı" görüntüsü yaratmaq yerinə real siyasətlə məşğul deyil.

Xalqına, vətəndaşına, dövlətinə pislik arzulayan, həmin durumu səbirsizliklə gözləyənlər siyasət binəvaları deyilsə, kimlərdir?

Sual ritorik təsir bağışlaya bilər.

Əfsuslar olsun ki, sürəkli təkrarlanan ifadələr, sosial şəbəkələrdə yayılan hər yeni videoda sanki mənəviyyatla merkantiliiyin dib nöqtəsinə israrla can atdıqlarını göstərən insanları demokrat, humanist, siyasi fiqur saymaq çox çətindir.

Xalqına koronavirusdan daha çox ölüm arzulayanların kim olduqlarına siz qərar verin...

Elçin Alıoğlu Son.az