“Cəbi”nin həbsxanadan verdiyi əmr: “Güllələnsin!”


Kriminal 25 İyl 2020 18:50:00 263 0

“Cəbi”nin həbsxanadan verdiyi əmr: “Güllələnsin!”

Moskvanın ən böyük ərzaq anbarı hesab edilən "Fud siti" də çalışan biznesmenlərə hədə-qorxu gələn, onları vahimə içərisində saxlayan "Cəbi" ləqəbli dəstə başçısı öz əməllərindən həbsxanada da əl çəkməyib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiya "Komsomolskaya pravda"nın  məqaləsində deyilir. Məlumata görə, "Cəbi" ləqəbli azərbaycanlı kriminal avtoritet öldürüləcək şəxslər barədə telefonla dəstə üzvlərinə həbsxanadan təlimatlar verib. Onun təlimatına əsasən növbəti qurban 36 yaşlı biznesmen Toğrul Tağıyev olub.

- Onu görürəm! Xəstəxanadan çıxır...

- Dəqiq odur?

- Odur, maşına sarı gedir.

- Onda tez ol, atəş aç!

..."Fud siti" ərzaq bazasında bir neçə ticarət obyekti olan Toğrul Tağıyevə odlu silahdan altı dəfə atəş açılıb. Biznesmen aldığı güllə yaralarından hadisə yerində keçinib. Killer öz işini 22 noyabr 2018-ci ildə həyata keçirib. Dəstə başçısı isə qətlə birbaşa həbsxanadan rəhbərlik edib.

"Cəbi" ilə mübahisə etməmək yaxşıdır

Toğrulun meyitini ona məxsus  bahalı "Range Rover Sport" avtomobilində doğma qardaşı aşkar edib. Gənc yaşlarında Azərbaycandan Rusiyaya işləməyə gedən Toğrul orada evlənib, ailə uşaq sahibi olub. Bazarda pomidor-xiyar satıb. Daha sonra işləri yaxşıya doğru irəliləyib. Moskvada və Moskva ətrafında özünə mənzillər alıb. Get-gedə uğurlu biznesmenə çevrilib.

"Qətlin ilk günündən etibarən biz onun peşəkar fəaliyyəti ilə bağlı olduğu versiyası üzərində dayandıq. Daha dərinləri araşdırdıq. Məlum oldu ki, qətlə yetirilməzdən 7 ay öncə Toğrula sui-qəsd edilib, onu güllələməyə cəhd ediblər" - mühüm işlər üzrə müstəntiq Qleb Perejoqin belə deyib.

Həmin hadisə 2018-ci ilin martında baş verib. "Fud siti"dən çıxan Toğrul yolboyu köhnə "Lada" markalı avtomobilin onu təqib etdiyi görüb. Avtomaşın onun bərabərinə çatanda killer açıq pəncərdən qəflətən atəş açıb. Biznesmenin sağ qalması an məsələsi olub. Belə ki, maşının sürətini artıran Toğrul həmin vaxt bu sui-qəsddən yayına bilsə də yaralanıb. Baş vermiş hadisədən sonra isə yalnız xuliqanlıqla bağlı cinayət işi başlanılıb. Amma güllə atanın kimliyi müəyyənləşdirilməyib. Xəstəxanadan çıxdıqdan sonra Toğrul Rusiyada qalmayaraq Azərbaycana dönüb. Bir müddət sonra təkrar Moskvaya qayıdıb. Bu dəfə isə onu sağ buraxmayıblar.

Demək olar ki, iki il - 2016- 2018-ci illərdə "Fud siti"də azərbaycanlıların "toçka"larına nəzarət edən bu biznesmen haqq ödəyib. Toğrulun qardaşının sözlərinə görə, ona toxunmamaları üçün ayda iki dəfə 50 min rublu banda üzvlərinə verirdi. Banda başçısı "Cəbi" ləqəbli Cəbrayıl Heydərovun barəsində isə bu günə qədər də bazarda əfsanələr dolaşmaqdadır.