Qahirənin tarixi incisi: Səlahəddin Əyyubi qalası FOTO


Digərləri 08 İyl 2020 23:39:00 182 0

Qahirənin tarixi incisi: Səlahəddin Əyyubi qalası  FOTO

Misir paytaxtındakı ən hündür təpədə yerləşən Səlahəddin qalası 1176-1183-cü illərdə Səlahəddin Əyyubinin əmri ilə müdafiə məqsədilə tikilib və inşası yeddi ilə başa çatdırılıb. Səlahəddin müdrik dövlət başçısı, həmçinin çox böyük sərkərdə olub. O, dümdüz ərazidə yerləşən Qahirədə istehkamın olmasını labüd hesab edib və əlbəttə, şəhər ərazisində yeganə olan bu təpəni - Mukattəmi seçib. Onun xələfi sultan Kamil Məhəmməd ibn Əhməd isə bu qalanı dövlətin rəsmi iqamətgahı edib. Təxminən, yeddi əsr boyunca Tunisdən Yəmənədək olan ərazidə yerləşən qüdrətli dövlət məhz bu qaladan idarə edilib.

Son.az xəbər verir ki, Səlahəddin qalasının tarixi haqqında AZƏRTAC-ın xüsusi müxbirinə məlumat verən tədqiqatçı alim, Qahirə Universitetinin professoru Seymur Nəsirov bildirib ki, Misir, İraq, Hicaz, Suriya, Yəmən, Fələstin və Liviyanın hökmdarı, görkəmli sərkərdə Səlahəddin Əyyubi 1187-ci ildə üçüncü Səlib yürüşünə çıxan xaçpərəst ordularını darmadağın edib, Tampliyer ordeninin böyük magistri Jerar de Ridforu əsir alıb. Lakin ədaləti ilə ad çıxarmış müsəlman sərkərdə Qüdsdə xristianlara etiqad azadlığı verib. İngiltərə kralı Şir ürəkli Riçard onu rəşadətinə görə öz dostu elan edib. Professor əlavə edib ki, bəzi mənbələrdə Səlahəddin Əyyubinin milli mənsubiyyəti ilə bağlı yanlış məlumatlar yerləşdirilib. Əslində, görkəmli sərkərdə azərbaycanlıdır və onun mənsub olduğu Əyyubilər nəsli Azərbaycanın şimalında yerləşən Duvin şəhərindən orta şərqə köçüb. Tədqiqatçı alim bununla bağlı tarixi mənbələri Misirin nüfuzlu universitetlərində təşkil edilən elmi konfranslarda da diqqətə çatdırıb. O, Qahirə Universitetinin ədəbiyyat fakültəsində "Azərbaycanı tanı" mövzusunda keçirilmiş simpoziumda özlərinin erməni kimliyini gizlədən opponentləri ilə bu barədə elmi mübahisə aparıb, onları dəlil və sübutlarla susdurub.

Tədqiqatçı alim əlavə edib ki, Səlahəddin Əyyubi ilə bağlı araşdırma apararkən Vikipediyada mövzu ilə bağlı geniş bir məqalədə ermənilər yalan məlumatlar yayaraq, saxtakarlıq etməyə çalışıblar. Belə ki, onlar Səlahəddinin Ermənistandan olduğunu qeyd ediblər və bu qeydlərdə böyük ərəb tarixçisi İbn Əsirin "Əl-Kəmil" və İbn Xallikanın "Vəfiyyətul Əyan" kitablarına istinad ediblər. "Halbuki onların göstərdiyi bu mənbələrdə Səlahəddin Əyyubinin azərbaycanlı olduğu qeyd olunub. Hətta İbn Xallikan, Səlahəddin Əyyubi başda olmaqla Əyyubilərin Azərbaycanın şimalında yerləşən Duvin şəhərindən olduğu haqda tarixçilərin yekdil rəy verdiklərini qeyd edir. Bundan əlavə Səlahəddin Əyyubi ilə bağlı oxuduğum əsərlərdə, Misiri işğaldan azad edilməsi zamanı ermənilərin ona qarşı müharibə etdiyini, Səlahəddinin isə qələbə çalaraq onları darmadağın etdiyi barədə xəbərlərə rast gəldim", -deyə S.Nəsirov əlavə edib.

Səlahəddin qalasının digər qədim tarixi abidəsi Məhəmməd Əli məscididir. Osmanlı imperiyası dövründə Misir hakimi Məhəmməd Əli paşa 1830-1848-ci illərdə qalada öz adını daşıyan məscid tikdirib və iqamətgah kimi istifadə edib. Ölkənin mədəni həyatındakı bir sıra yeniliklər Məhəmməd Əlinin apardığı islahatlarla bağlıdır.

Qahirənin ən hündür yerində yerləşən bu məscidin həyətindən bütün şəhəri seyr etmək mümkündür. Məscid memarlığı və oyma bəzəklərinin zənginliyi ilə fərqlənir.