Məhkəmə ekspertinin etik davranış kodeksi təsdiqlənib


Siyasət 01 İyl 2020 13:44:35 330 0

Məhkəmə ekspertinin etik davranış kodeksi təsdiqlənib

Nazirlər Kabineti “Məhkəmə ekspertinin etik davranış kodeksi”nin təsdiq edib.

Nazirlər Kabineti “Məhkəmə ekspertinin etik davranış kodeksi”nin təsdiq edib.

“Report” xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Bu kodeks “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin on dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və məhkəmə ekspertizası idarələrinin və özəl məhkəmə ekspertlərinin (bundan sonra – məhkəmə eksperti) etik davranış qaydalarını, prinsiplərini, habelə onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir.

Bu kodeks məhkəmə ekspertlərinin nüfuzunun artırılması, şəxslərin onlara etimadının yüksəldilməsi, habelə məhkəmə ekspertlərinin fəaliyyətində səmərəliliyin artırılması məqsədi daşıyır.

Məhkəmə ekspertinin fəaliyyəti bu kodeksin 2-ci hissəsində nəzərdə tutulmuş etik davranış qaydalarına və prinsiplərinə əsaslanır.

Məhkəmə ekspertizası idarələrinin ekspertlərinə bu kodekslə müəyyən edilmiş etik davranış qaydaları ilə yanaşı, onların fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulmuş etik davranışla bağlı tələblər də şamil olunur.

İnsan və vətəndaşların hüquq və azadlıqlarına, qanuni maraqlarına, şərəf və ləyaqətinə, habelə fiziki və hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət:

- məhkəmə eksperti öz fəaliyyətini həyata keçirərkən, insan və vətəndaşların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir;

-məhkəmə eksperti hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

Qanunçuluq:

- məhkəmə eksperti öz vəzifələrinin icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, Azərbaycan Respublikası qanunlarının və digər normativ hüquqi və normativ xarakterli aktların tələblərini rəhbər tutmalı, habelə qanunvericiliyin tələblərinə dürüst və dönmədən əməl etməlidir.

Vicdanlı davranış:

- məhkəmə eksperti şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifələrini səmərəli və vicdanla yerinə yetirməyə borcludur;

-məhkəmə eksperti fəaliyyətini həyata keçirərkən, hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

Peşəkarlıq və fərdi məsuliyyətin artırılması:

-məhkəmə eksperti öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur;

- məhkəmə eksperti etik davranışı və peşəkar fəaliyyəti ilə məhkəmə ekspertizası fəaliyyətinə hüquqi və fıziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir;

-məhkəmə eksperti məhkəmə ekspertizası fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi biliyini, dünyagörüşünü artırmalı, innovativ texnologiyalardan istifadə etməyi bacarmalı, tədqiqat metodlarını və ekspert təcrübəsini öyrənməli, habelə nəzəri və

təcrübi bilik səviyyəsini daim inkişaf etdirməlidir;

- məhkəmə eksperti fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır.

Loyallıq:

- məhkəmə eksperti həqiqətə uyğun olmayan məlumatların şərh edilməsinə, müzakirəsinə və yayılmasına yol verməməli, eləcə də vəzifəsinə aid olmadığı hallarda, digər məhkəmə ekspertləri ilə bağlı tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda məhkəmə ekspertinin elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur;

- məhkəmə eksperti digər ekspertlərin işinə əngəl törətməklə, habelə əsassız güzəştlər etməklə, məhkəmə ekspertizası fəaliyyətinin müəyyən sahəsini inhisara almamalıdır;

- məhkəmə eksperti öz fəaliyyətini həyata keçirərkən, məhkəmə ekspertizası fəaliyyətinin nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir;

- məhkəmə eksperti “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda ekspertiza fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə, o cümlədən vəzifələrə əməl etməlidir.

İctimai etimad:

-məhkəmə eksperti məhkəmə ekspertizası fəaliyyətinin nüfuzunu artırmağa və möhkəmləndirməyə, habelə öz adını və şərəfini uca tutmağa borcludur;

- məhkəmə eksperti etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmalı, habelə ictimai etimadın bərpası üçün tədbirlər görməlidir.

Mədəni davranış:

- məhkəmə eksperti fəaliyyəti dövründə və fəaliyyətindən kənarda ünsiyyətdə olduğu şəxslərə münasibətdə nəzakətli, diqqətli və səbrli olmalı, onlara hörmətlə yanaşmalı, xüsusi biliyi ilə fərqlənməli, iş yerində mədəni-əxlaqi mühitin yaranmasına çalışmalıdır;

- məhkəmə eksperti fəaliyyəti dövründə ünsiyyətdə olduğu şəxslərlə, o cümlədən məhkəmə ekspertləri ilə hər hansı mübahisəli vəziyyətdən çəkinməlidir;

-məhkəmə eksperti fəaliyyəti dövründə digər məhkəmə ekspertləri ilə qarşılıqlı münasibətlərini müəyyən qanuni hərəkətlərə və ya praktikaya əsaslanan inam və hörmət prinsipi əsasında qurmalıdır.

Müstəqillik və qərəzsizlik:

- məhkəmə eksperti məhkəmə ekspertizası fəaliyyətini həyata keçirərkən, obyektiv və qərəzsiz olmalı, habelə müstəqilliyini şübhə altına alan hərəkətlərə yol verməməlidir;

- məhkəmə eksperti öz vəzifələrini yerinə yetirərkən, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə və qulluq mövqeyinə, dinə münasibətinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir;

- məhkəmə eksperti məhkəmə ekspertizası fəaliyyətini həyata keçirərkən, özünün, ailə üzvlərinin və ya digər maraqlı şəxslərin mənafelərinin onun vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır;

- məhkəmə eksperti məhkəmə ekspertizası fəaliyyətini həyata keçirərkən, yalnız özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq tədqiqat aparmalıdır.

Qanunsuz olaraq maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi:

- məhkəmə ekspertinin qanunsuz olaraq maddi və qeyrimaddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi qadağandır;

- məhkəmə eksperti məhkəmə ekspertizasının aparılması ilə bağlı işin gedişatında maraqlı olduğunu güman etməyə əsas verən proses iştirakçıları ilə şəxsi əlaqələr yaratmamalı, habelə onlardan qiymətli hədiyyə, sovqat almaqdan, digər sui-istifadə hallarından çəkinməlidir.

Maraqların toqquşmasının qarşısının alınması:

-məhkəmə eksperti fəaliyyəti dövründə maraqların toqquşmasına yol verməməli və qanunsuz olaraq öz səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir;

- məhkəmə ekspertizası idarəsinin ekspertinin xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda o, qanunvericiliyə müvafiq olaraq qulluğa qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur;

- məhkəmə eksperti maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər görməlidir;

- məhkəmə eksperti fəaliyyəti dövründə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə bağlı normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdır.

Konfidensiallıq:

- məhkəmə eksperti təhqiqat aparan şəxsin, müstəntiqin və ya prokurorun icazəsi olmadan təhqiqat və ibtidai istintaq məlumatlarının yayılmasına yol verməməlidir;

- məhkəmə eksperti dövlət, qulluq, peşə və kommersiya sirri təşkil edən və qanunla qorunan məlumatları, habelə məhkəmə ekspertizasının aparılması ilə əlaqədar ona məlum olan və açıqlanması insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulmasına səbəb ola bilən məlumatların yayılmasına yol verməməlidir;

- məhkəmə eksperti fəaliyyəti ilə bağlı əldə etdiyi məlumatları şəxsi və digər məqsədlər üçün istifadə etməməlidir.

Əmlakdan və tədqiqat obyektlərindən istifadə:

- məhkəmə ekspertizası idarələrinin ekspertləri istifadəsində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, avadanlıqlardan, cihazlardan və informasiya təminatı vasitələrindən qənaətlə və səmərəli istifadə etməli, habelə onlardan vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir;

- məhkəmə eksperti təqdim edilmiş tədqiqat obyektlərinin və iş üzrə materialların qorunub saxlanılmasını təmin etməli, habelə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin razılığı olmadan tədqiqat obyektini məhv etməməli və ya onun xassəsini əhəmiyyətli dərəcədə dəyişdirməməlidir.

Fərdi reklama yol verilməməsi:

- məhkəmə eksperti üstünlük əldə etmək üçün fərdi reklamla məşğul olmamalı, habelə kütləvi informasiya vasitələrində, o cümlədən internet informasiya ehtiyatlarında özünü, işini və birbaşa məhkəmə ekspertizası fəaliyyətinə aid olmayan xüsusiyyətlərini reklam etməməlidir (məhkəmə ekspertizası idarəsinin və özəl məhkəmə ekspertinin iş rejiminin və olduğu yerin göstərilməsi reklam hesab olunmur).

Etik davranış qaydalarına əməl olunması üçün məhkəmə ekspertinin davranışının həmin qaydalara uyğunluğu tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinə münasibətdə Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən, özəl məhkəmə ekspertlərinə münasibətdə isə onların özləri və Ədliyyə Nazirliyi tərəfindən müntəzəm təhlil edilir və müvafiq olaraq bu kodeksin 3.2-ci bəndində nəzərdə tutulmuş tədbirlər görülür.

Etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar həyata keçirilir:

- məhkəmə ekspertinin davranışının bu kodekslə müəyyən olunan etik davranış norma və prinsiplərinə uyğunluğuna nəzarət və onun təhlili aparılmalıdır;

- etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülməlidir;

- məhkəmə ekspertinə etik davranış qaydaları izah edilməli və müraciət olunduğu təqdirdə, etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verilməlidir;

- etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə məhkəmə ekspertinə ictimai etimadın artırılması üçün tədbirlər görülməlidir;

- məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən etik davranış qaydaları pozulduqda, onlar barəsində müvafiq olaraq

Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarında nəzərdə tutulmuş tədbirlər görülməlidir;

- özəl məhkəmə ekspertləri tərəfindən etik davranış qaydalarının pozulduğu hallarda, onlara Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən yazılı qaydada xəbərdarlıq edilməlidir;

- etik davranış qaydalarına əməl olunması ilə bağlı digər tədbirlər görülməlidir.