Bakı sakini: “Yoldaşım xərçəngdən öldü, qayınanam mənzili öz adına keçirdi”


Sosial 30 İyn 2020 16:18:28 294 0

Bakı sakini: “Yoldaşım xərçəngdən öldü, qayınanam mənzili öz adına keçirdi”

Bakı şəhər sakini Qreçkin Leonid Vladimiroviç illərdir yaşadığı mənzilin qanunsuz olaraq qaynanası tərəfindən ələ keçirildiyini iddia edir

© Report — Qreçkin Leonid Vladimiroviç

Bakı şəhər sakini Qreçkin Leonid Vladimiroviç illərdir yaşadığı mənzilin qanunsuz olaraq qayınanası tərəfindən ələ keçirildiyini iddia edir.

“Report”a açıqlama verən şikayətçi bildirir ki, 2006-cı ildə Şatskaya İrina Aleksandrovna ilə ailə qurub. Ailə qurduqdan sonra həyat yoldaşına uzaq qohumları tərəfindən hədiyyə olunmuş mənzildə yaşayıblar. L.Qreçkin deyir ki, həmin mənzili öz hesabına təmir etdirib.

Onların iki övladları dünyaya gəlib.2016-cı ildə isəhəyat yoldaşı xərçəng xəstəliyinə tutulub. Qadın xəstəxanada müalicə alsa da, həmin ilin oktyabr ayında dünyasını dəyişib.

Bundan bir müddət sonra L.Qreçkinə məlum olub ki, onların yaşadığı Bakı şəhəri, Nəsimi rayonu Mərdanov qardaşları küçəsi ev 111, mənzil 8 ünvanındakı evə qayınanası Satskaya Natalya Vladimirovanın adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı tərəfindən çıxarış verilib.

N.Vladimirovna bildirib ki, qızı ölməzdən əvvəl evi ona notarial bağışlama müqaviləsi ilə verib.

L.Qreçkin isə belə bir müqavilənin mövcudluğundan xəbərsiz olduğunu deyib və Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, bağışlanma müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini istəyib:

“Məhkəmə araşdırması zamanı sorğu vasitəsilə alınan məlumatlarla ortaya çıxdı ki, sözügedən evlə bağlı iki ayrı notarial bağışlama müqaviləsi var. Həmin sənədlərin birində İrina Şatskaya mənzili oğlumuz Daniil Qreçkinə bağışlaması barədə notarial müqavilə imzalayıb. Həmçinin eyni tarixdə mənzili anasına bağışlaması barədə də ayrı müqavilə qeydə alınıb.

Qeyd edim ki, həmin vaxt ağır vəziyyətdə olan həyat yoldaşım, müalicəsi ilə əlaqədar çox güclü dərmanlar qəbul edirdi və onun şüurlu sürətdə müqavilə imzalaması şübhəlidir.

Lakin buna baxmayaraq, məhkəmə iddiamı təmin etmədi. Həmin qərardan verdiyim şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılan zaman həyat yoldaşımın qəbul etdiyi dərmanlarla bağlı təyin edilmiş eksperetiza rəyində də qeyd edilmişdi ki, o, həmin vaxtı öz hərəkətlərini idarə etmək qabiliyyətində olmaya bilər. Lakin buna baxmayaraq, apellyasiya instansiyası da qətnaməni qüvvədə saxladı”.

Şikayətçi bildirir ki, qərardan Ali Məhkəməyə müraciət edəcək. L.Qreçkin həmin instansiyada ədalətin bərqərar olacağına ümid edir:

“Yəqin ki, həm məhkəmə, həm də aidiyyatı qurumlar ədalətin bərqaərar olması və qanunsuz əməllərə yol vermiş şəxslərin cəzalandırılması üçün lazımi adddımlar atacaqlar. Bununla da təmiri üçün xeyli vəsait xərclədiyim və illərdir ailəmlə birlikdə yaşadığım evin uşaqlarımın əlindən alınmasının qarşısı alınacaq. Çünki o ev uşaqlara analarından qalıb və onların haqqıdır”.