"AzerTelecom"un rəhbər heyətində yeni təyinatlar olub


İqtisadiyyat 30 İyn 2020 10:23:47 290 0

"AzerTelecom"un rəhbər heyətində yeni təyinatlar olub

Şirkətin baş icraçı direktoru vəzifəsinə Ana Nakaşidze təyin olunub

Fuad Allahverdiyev və Ana Nakaşidze

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi "AzerTelecom" şirkətin rəhbərliyində yeni təyinatlar olub.

Bu barədə "Report"a şirkətdən bildirilib.

Belə ki, 2017-cı ildən "AzerTelecom" şirkətinin baş icraçı direktoru Fuad Allahverdiyev şirkətin Direktorlar Şurasının sədri vəzifəsinə təyin edilib. Digər qərara əsasən isə şirkətin baş icraçı direktoru vəzifəsinə 2018-ci ildən "AzerTelecom"un baş icraçı direktorunun əməliyyatlar üzrə müavini Ana Nakaşidze təyin olunub.

“Qlobal, regional və lokal miqyasda etibarlı tərəfdaş kimi tanınan "AzerTelecom" şirkəti son illərdə mühüm uğurlara imza atıb, ölkənin dayanıqlı və sürətli internet xidməti ilə təmin olunmasına öz töhfəsini verməkdədir. Biz Azərbaycanın İKT sektorunun dayanıqlı inkişafına və ölkəmizin regional rəqəmsal mərkəzə çevrilməsinə istiqamətlənən layihələrin reallaşdırılmasını davam etdirəcəyik. Mən yeni baş icraçı direktor xanım Ana Nakaşidzeyə fəaliyyətində uğurlar arzulayıram və onun şirkətimizin inkişafına töhfə verəcəyinə inanıram”, - deyə Fuad Allahverdiyev qeyd edib.

“"AzerTelecom" şirkəti internet xidməti təminatçıları və bazarda fəaliyyət göstərən operatorlara yüksək keyfiyyətli və dayanıqlı xidmətlər göstərməklə Azərbaycanda bu sahənin inkişafında mühüm rola sahibdir və bundan sonra da bu inkişafda vacib rol oynamağı planlaşdırır. Qlobal internet xidmətləri hər bir iqtisadiyyatın uğuru üçün həyati əhəmiyyətli bir faktora çevrildiyindən şirkətimiz hazırkı dəyişən çağırışlar və imkanlar mühitində inkişaf üçün davamlı şəkildə yeni imkanları araşdırır. Mən inanıram ki, bu illər ərzində şirkətimizin böyüməsini dəstəkləyən heyətimiz hazırkı çağırışlar dönəmində də mühüm nailiyyətlər qazanacaqdır”, - deyə Ana Nakaşidze bildirib.

"AzerTelecom" Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan "Bakcell" şirkətinin törəmə müəssisəsidir. "AzerTelecom" Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda "AzerTelecom" şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” (ADH) proqramını icra edir.