“Lufthansa”ya yardım zərfi təsdiqləndi


İqtisadiyyat 25 İyn 2020 19:04:07 268 0

“Lufthansa”ya yardım zərfi təsdiqləndi

Hökumət təyyarə şirkətinə 6 milyard avroluq sərmayə yatırmaqla yanaşı kredit üçün 3 milyard avroluq dövlət zəmanəti də verir.

Avropa Komissiyası “Lufthansa Group”a Almaniya hökumətinin geniş yardım zərfini təsdiqləyib.

“Report” komissiyanın saytına istinadən xəbər verir ki, hökumət təyyarə şirkətinə 6 milyard avroluq sərmayə yatırmaqla yanaşı, kredit üçün 3 milyard avroluq dövlət zəmanəti də verir.

“Bu mühüm dəstək təyyarə daşımalarına daha çox ziyan vuran hazırkı koronavirusla bağlı böhranını ötüşdürməkdə “Lufthansa”ya kömək olacaq”, - deyə Avropa Komissiyasının rəqabət komissarı Marqrete Vestager qeyd edib.

Həmçinin hökumət şirkətin səhmlərinin 20 faizini 300 milyon avroya satın alacaq, İqtisadiyyatı Sabitləşdirmə Fondu (WSF) isə 5,7 milyard avro müqabilində bu layihədə dolayı iştirak haqqı əldə edir.

Həmçinin “Lufthansa” rəqabətdə haqsız üstünlüklərə malik olmasın deyə ölkənin Frankfurt-Mayn və Münxendəki ən böyük hava limanlarından istifadə ilə bağlı imtiyazlarından məhrum edilir. Həmin hava limanlarında başqa hava yolu şirkətlərinə gündəlik 24 slot verilir. Bundan əlavə, “Lufthansa” 2019-cu ilin 31 dekabrınadək çətinliklərlə üzləşən bölmələrinə yardım edə bilməyəcək.

Qeyd edək ki, yeni koronavirus pandemiyası ilə bağlı sərnişin axınının xeyli azalması üzündən böyük maliyyə itkiləri ilə üzləşən “Lufthansa”nın səhmləri də kəskin ucuzlaşıb. Bunun nəticəsində şirkətin hər saat 1 milyon avroyadək zərər etdiyi bildirilir. Belə ki, ötən həftə “Lufthansa” Frankfurt-Mayn Fond Birjasında (DAX) Almaniyanın 30 ən böyük səhmdar cəmiyyətlərini əhatə edən baş indeksindən çıxdığı açıqlandı.