Sağlam ailə necə olmalıdır


Digərləri 15 Noy 2019 11:41:37 2888 7

Sağlam ailə necə olmalıdır

Dəyərlərə əsasən idarə olunan cəmiyyət hər zaman digərlərindən fərqlənir. Bəs dəyərlər haradan yaranır? Ümumiyyətlə, cəmiyyətin əsası haradan qoyulur? Bu sualların cavabının “kiçik cəmiyyət”, yəni ailə olduğunu desək, yanılmarıq. Ailə cəmiyyətin sütunudur. O nə qədər güclü olsa, cəmiyyət bir o qədər yenilməz olar.

Sağlam özül sağlam toplumun əsası kimi

Dünyada sağlam olan hər şey örnəklərin əsasında yaranır. Uşaq tərbiyəsində əsas rolu da örnəklər oynayır. Ağıllı, savadlı, hər hərəkətin yerini bilən biri hər zaman digərlərinə örnək göstərilir. Ailə də belədir, o cəmiyyətin örnəyidir. Ailələr biri-birinə örnək olaraq sağlam, düzgün cəmiyyəti yarada bilərlər. Bu heç də iki nəfərin nikaha əsaslanan sövdələşməsi deyil. Ailə bu cür yanaşmadan daha dərin bir anlayışdır. O yalnızca üzvlərini deyil, həmçinin bütün topluma xoşbəxtlik verməli, düzgün cəmiyyətin onurğasını təşkil etməlidir. Bunun üçün isə ailə hansısa məcburiyyətə, asılılığa, öhdəliyə görə yox, düşünülmüş olaraq firavan həyatın başlanğıcına görə qurulmalıdır.

Ailə sosial elmlərin tədqiqat müstəvisində

Elmlər insanlara, onların gələcəyinə xidmət edir. Ailə də uğurlu cəmiyyətin həm keçmişi, həm indisi, həm də gələcəyi olduğu üçün bir sıra elmlərin tədqiqat sahəsinə çevrilib. Təbii ki, bu elmlər cəmiyyətlə bağlı elmlərdir, bunlara sosial elmlər də deyilir. Bütün tədqiqat obyekti cəmiyyət olan başlıca sosial elm- Sosiologiya ailəyə sosial təsisat olaraq baxır. Burada ailənin quruluşu, funksiyaları, formaları, mərhələləri ayrı-ayrılıqda dərindən araşdırılaraq, dəqiq mülahizələrə əsasən öyrənilir. Başqa bir sosial elmlər sırasına daxil olan Psixologiyanın sahələrindən biri isə məhz ailə psixologiyasıdır. Ailənin, ailə qurmağın psixoloji aspektləri bu elmin ayrıca tədqiqatı sırasına daxildir. Dövrümüzdə bir çox peşəkar psixoloqlar tərəfindən ailə psixologiyası dərindən araşdırılır. Bu mövzuda məqalələr, mühazirələr, araşdırmalar hazırlanır. Təsadüfi deyil ki, ailənin nə demək olduğunu və ailə qurmağın düzgün məqsədinin nə olduğunu aydınlaşdırmaq, bu sahədə ehtiyatlı olmaq üçün cütlüklər evlənməzdən öncə mütəxəssisə, yəni psixoloqa müraciət edirlər. Ailədaxili problemlər zamanı da psixoloq dəstəyi alan ailələr görə bilirik, bu ən düzgün variantdır. Ailədaxili kiçik münaqişələr əlbəttə ki, qaçılmazdır, lakin belə problemlərin nadir hallarda üzə çıxması və dərinliyinə varılmadan həll olunması üçün problem yaranmazdan öncə də cütlüklər ailə psixologiyası haqqında dəqiq məlumatlar əldə etməlidirlər. Bunun üçün mütləq psixoloqa müraciət etmək şərt deyil. İnternetin bütün imkanları yaratdığı bir dövrdə belə məlumatları əldə etmək, bu haqda araşdırmalar, mühazirələr, tədqiq əsərləri və kitablar oxumaq heç də çətin deyil. Sosial elmlərin də bu kimi fəaliyyətinin məqsədi cəmiyyətdəki bütün problemləri aradan qaldırmaqdır.

Şiddət ailənin parçalayıcı virusudur

Şiddət, ümumiyyətlə, cəmiyyətin bütün keyfiyyətsiz xüsusiyyətlərinin yaradıcısıdır. Bu eynən bir virus kimidir, yavaş-yavaş irəliləyir, səssiz olaraq öz işini görür və yaratdığı ağır nəticə birdən ortaya çıxır. Ailədə şiddət təkcə onu yaradan üzvlərin arasındakı bağa, qarşılıqlı hörmətə yox, həmçinin gələcəyi təşkil edən uşaqların düşüncəsi, düzgün biri kimi yetişməsinə də ciddi ziyan vurur. Çalışmaq lazımdır ki, ailədaxili anlaşılmazlıqları aradan qaldırmaq şiddətə müraciət edilmədən həyata keçirilsin, yoxsa bu cəmiyyəti sarsıdan sütunlardan birinə çevrilir.

Ailənin güzgüsü-uşaq

Lakin bu mülahizə bütün hallar üçün doğru deyil. Bəzən doğru əsaslarla qurulan ailənin onlara layiq olmayan davamçıları da olur. Bu ailənin birbaşa yox, dolayı səhvidir. Ailənin düzgün, çox da sıxıcı olmayan nəzarəti altında yetişən uşaqlar bəzən sağlam cəmiyyətin yaradıcısı kimi yox, onu məhvə sürükləyən üzvü kimi çıxış edir. Ailədə doğru nəzarətdə gözdən qaçan nüansların olması belə hala gətirib çıxara bilər. Təbii ki, hər şey davamçı, yəni uşaqdan da asılıdır. Özünə doğru yolu seçmiş birində bu cür hallara gec-gec rast gəlinir.

Düzgün tərbiyə düzgün əsaslardan keçir

Uşaq tərbiyə edən ailə böyük bir təhlükəni zərərləşdirən xilasedici qədər diqqətli olmalıdır. Çünki adi bir xəta təkcə ailənin gələcəyinə yox, bütün insanlığa zərər verə bilər. Ona görə də ailələr uşaq tərbiyəsi haqqında təcrübəli olmalıdır. Bu təcrübə başqa sahədəki təcrübələrlə müqayisədə zaman, vaxt faktoruna əsaslanmır. Uşaq tərbiyəsindəki təcrübə dərinliyinə varılaraq, anlayışlı bir ailənin qurulmasından asılıdır. Ailəni quranlar bu sahədə nə qədər bilikli olsalar, bir o qədər uşaq tərbiyəsində təcrübəli olarlar.

Gücünü səmimiyyətdən alan münasibət

Hər kəsin özünə şüar etməsi gərəkən bu fikiri ailəyə də aid etmək məqsədəuyğundur. Ailə qarşılıqlı münasibətlər sistemində ən səmimi ortam olmalıdır. Səmimiyyətin əsası isə mehribanlıqdan, gülərüzlükdən ibarətdir. Səmimiyyətin əsas götürüldüyü yerdə münaqişə, anlaşılmazlıq da nadir hallarda olur. Səmimiyyətin yaratmaqdan əlavə onu hər zaman qarşılıqlı münasibətdə qorumaq ailənin başlıca vəzifələrindəndir. Bu səmimiyyəti itirmək ailənin əsas toxumasını dalamaq deməkdir. Həmin səmimiyyət bir sıra səbəblərə görə itə bilər. Belə səbəblərin öndə gedəni isə yalandır. Yalan cəmiyyətin bütün sosial münasibətlərindəki güvəni sarsıtdığı kimi ailədəki hörmət, biri-birinə göstərilən anlayış və güvəni də sarsıdır. Yalan üzərində qurulan hər bir münasibət kimi yalanın hakim olduğu ailə də uzunömürlü olmur. Bəzən ailəni quran üzvlərdən biri düşünə bilər ki, hər şeyi olduğu kimi demək ailəni zəiflədə bilər. Lakin əsl baş verənlərin gizlədilməsi müəyyən bir müddət üçün səmimiyyət və əmin-amanlıq yaratsa da, bir müddətdən sonra bu sonlanır və əvvəl düşünüldüyündən daha ağır fəsadlara gətirib çıxarır. Unutmaq olmaz ki, hər bir çətinliyin mütləq bir həll yolu var.

Ailədə idarə bölgüsü

Ailə qurmaq dövlət qurmaq qədər çətin bir işdir deyənlər var. Təbii ki, ailəni ciddiyyətlə quran biriləri bu yanaşmanı özləri üçün doğru qəbul etməkdə haqlıdırlar. Bu yanaşmada hər bir ailə kiçik bir dövlət kimi qurulur və bu ailənin öz məqsədi, siyasəti, ideyası və ciddiyyəti olur.

Ən əsas məqamlardan biri odur ki, ailədə düzgün idarə prinsipi olmalıdır. Ailənin bütün ağırlığı onu təşkil edənlərdən birinin üzərinə yüklənməməlidir. Ailəni yaradan kişi və qadın ailədə öz səlahiyyətlərini, hüquqlarını, vəzifələrini bəlli etməli və buna uyğun davranmalıdırlar. Lakin ailədə idarə bölgüsündə kişi və qadının ayrı-ayrılıqda “mütləq” görməsi gərəkən vəzifələrini də ayırd etmək o qədər də düzgün deyil. Məsələn, qadının ailədəki vəzifəsinin yalnızca uşaq tərbiyə etmək, məişət işləri görmək kimi “məcburi” variantları yanlışdır. Qadın ailədə bunu etməlidir, bunu etməsi isə sırf məcburiyyət və öhdəliyə görə yox, hörmətə əsasən olmalıdır. Əlbəttə ki, hörmətin, qarşılıqlı anlaşmanın olduğu yerdə şəxslər ayrılıqda görməli işləri dəyişdirərək də edə bilərlər. Belə ki, yeri gəldikcə ailədə kişi, yəni ata uşağın tərbiyəsi ilə qadından, yəni anadan daha çox məşğul ola bilər. Bu təbii haldır. Başqa bir misal versək, qadının ailə qurduqdan sonra işləməməsi və bütün maddi ehtiyacın kişi tərəfindən ödənilməsi yanlışdır. Könüllü olaraq qadın ev qadını olmağı seçə bilər, amma adət olsun deyə qadının ailənin maddi tərəfinin təminatından imtina etməsi qarşılıqlı anlaşmanı poza bilər, necə ki, kişinin uşaqla daha çox vaxt keçirib onun tərbiyəsinə daha çox vaxt ayırmasına anormal hal kimi baxması bu anlaşmanı pozur. İdarənin bərabər və yerində bölünməsinin ailəni daha da güclü edən faktorlar sırasında olması unudulmamalıdır.

Xoşbəxt gələcək, firavan cəmiyyət

Anlayışın, səmimiyyətin, düzgün quruluşun, idarəetmənin olduğu xoşbəxt ailə əsas vəzifəsini yerinə yetirərək firavan cəmiyyətin qurulduğunu göstərir. Belə ailələrdən ibarət cəmiyyət artıq problemsiz, tam sağlam fikirlərin hakim olduğu cəmiyyətdir. Şübhəsiz ki, bəşəriyyət bu formada bir cəmiyyətlə xilas olacaq. Bu vəziyyətin əldə olunması üçün isə hər birimiz çalışmalı, ailə qurarkən hər ayrıntıya diqqət etməliyik. Firavan cəmiyyəti qurmaq çətin deyil və hər birimiz bunun qurulacağına inanmalıyıq. 

 

AİLƏ SEVİNCİ

«Bizim də olarmı bir vaxt evimiz…»
Xəyalı ümidlə ovuda bildik
Ailə sevinci oynadıq ki, biz
Bəlkə sevgimizə ev uda bildik.

Ümidə sarılıb axı daima,
Loto oynamaqla keçdi vaxtımız.
Ailə sevinci oynadıq amma,
Sevgi faciəsi oldu baxtımız.

O evi udmadıq onda nə yaxşı,
Udub ayrılsaydıq dəli olardım.
İçində yoxdusa ürək yoldaşı
Kimsəsiz bir evdə necə qalardım?

Bəlkə da udsaydıq yanımda indi,
Dünyanın ən gözəl qızı olardı.
Bəxtimin ən bəxtsiz anında indi,
Bəxtimiz çevrilib qızıl olardı.

O evdə bəlkə də tutulub yerin,
Bilirəm lap mənim yerim də dolub.
Bizdən çox istəyib kimsə birbirin,
Əsl sevənlərin qisməti olub.

Talehi nə oldu görən o evin?
Xəyalım dolaşıb uzağı gəzir.
Biz uduzduğumuz o evdə yəqin,
Kiminsə balaca uşağı gəzir.

Sən yoxsan mən indi kefi neynirəm?
Olsaydın sevinci hiss eləyərdim.
Yanımda qalsaydın evi neynirəm,
Balaca bir daxma bəs eləyərdi...