Muxtar Babayev AHK İmpuls tədbirinin qonağı olub


Digərləri 30 Okt 2019 19:05:00 409 0

Muxtar Babayev AHK İmpuls tədbirinin qonağı olub

Alman-Azərbaycan Xarici Ticarət Palatası Uniper Global Commodities SE şirkətinin sponsorluğu ilə növbəti AHK İmpuls tədbirini təşkil edib.

Bakı. Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Hyatt Konfrans Mərkəzində üzv şirkətlər üçün Uniper Global Commodities SE şirkətinin sponsorluğu ilə növbəti AHK İmpuls tədbirini təşkil edib. Palatadan Trend-ə verilən məlumata görə, tədbirin fəxri qonağı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev “Azərbaycanda Ekoloji Siyasətin Əsas Prioritetləri” adlı təqdimat ilə çıxış edib. Görüşdə M.Babayev tədbir iştirakçılarını ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, mövcud ekoloji problemlərin həlli istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər, eyni zamanda Nazirliyin qarşısında duran vəzifələr və mövcud ekoloji problemlərin həlli yolları barədə məlumatlandırıb. Azərbaycanda atmosfer çirklənməsi ilə bağlı mövcud statistika barədə məlumat verən cənab Babayev ekoloji təmiz yanacaqdan istifadənin təşviqinin və ölkədə hava keyfiyyətinin monitorinq sisteminin modernləşdirilməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, nazir qeyd edib ki, bərpa olunan enerji mənbələrindən və enerji qənaətli texnologiyalardan istifadənin artırılması, istilik elektrik stansiyalarında qara yağdan istifadənin dayandırılması, meşə sahələrinin genişləndirilməsi, səmt qazlarının həcminin ilbəil azaldılması, Azərbaycanda iqlim dəyişikliyinin təsirlərinin aradan qaldırılması istiqamətində görülən tədbirlərdən bir neçəsidir. M.Babayev bildirib ki, hal hazırda Qobustan və Samux rayonlarında, eləcə də Bakının Pirallahı, Suraxanı və Sahil qəsəbələrində günəş elektrik stansiyaları fəaliyyət göstərir.