Vüqar Səfərli: "İrəli sürülən qərəzli iddialar dövlətimizin media siyasətini gözdən salmaq məqsədi daşıyır"


Digərləri 29 Okt 2019 17:49:00 316 0

Vüqar Səfərli: "İrəli sürülən qərəzli iddialar dövlətimizin media siyasətini gözdən salmaq məqsədi daşıyır"

"Bizi ittiham edənlər hansı nüfuzu, tirajı olan və cəmiyyətdə tanınan qəzetin adını çəkə bilərlər ki, bu gün Fondun maliyyə yardımından kənarda qalıb? Ümumiyyətlə, Fondun dəstəyindən kənarda qalan ciddi imicli ictimai-siyasi qəzet varmı?"

Son.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Trend-ə açıqlamasında rəhbəri olduğu qurumun fəaliyyəti ilə bağlı son günlər səslənən bəzi iddialara münasibətini bildirib.

- Vüqar müəllim, son günlər bəzi saytlarda və sosial şəbəkədə Fondun guya cəmiyyətə təsir imkanları, habelə nüfuzu olmayan qəzetlərə maliyyə yardımı ayırması ilə bağlı ittihamlar səslənir...

- Birmənalı şəkildə bəyan edirəm ki, bu iddialar tamamilə qərəzli və əsassızdır. Fondun "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" və Nizamnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərindən biri kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsidir.

Maliyyə yardımı ayrılmasının şərt və meyarları ilə bağlı qərarlar Fondun Müşahidə Şurasının iclaslarında, kollegial və şəffaf şəkildə qəbul olunur. Fond il ərzində maliyyə yardımı müsabiqələri elan edir, maliyyə yardımının ayırılması şərtləri və meyarları müsabiqə elanında dəqiqliklə göstərilir. Həmin şərt və meyarlara əsasən, yayımı, tirajı və dövrülüyü müvafiq tələblərə cavab verən ictimai-siyasi qəzetərə maliyyə yardımı ayrılır.

Hazırda Fondun maliyyələşdirdiyi 25 ictimai-siyasi qəzetin hər biri həmin şərtlərə cavab verən, uzun illər ərzində fəaliyyət göstərən, cəmiyyətdə tanınan nəşrlərdir. Bizi qərəzli şəkildə ittiham edənlər hansı nüfuzu, tirajı olan və cəmiyyətdə tanınan qəzetin adını çəkə bilərlər ki, bu gün Fondun maliyyə yardımından kənarda qalıb? Ümumiyyətlə, Fondun dəstəyindən kənarda qalan ciddi imicli ictimai-siyasi qəzet varmı?

Əminliklə deyirəm ki, onlar belə bir qəzet adı çəkə bilməyəcəklər. Əgər əksini iddia edirlərsə, qərəzli və ümumi sözlərlə yox, konkret faktlar əsasında mövqelərini əsaslandırmalıdırlar. Bu gün Fonddan maliyyə yardımı almaq istəyən hər hansı qəzet elan olunmuş şərt və meyarlara cavab verməlidir.

Odur ki, "İctimai rəyə təsir imkanları və nüfuzu olmayan qəzetlərə maliyyə yardımının ayrılması" kimi qərəzli fikirlər yalnız Fonda qarşı qərəzli yanaşma deyil, həm də dövlətimizin media siyasətinin mahiyyətini gözdən salmağa xidmət edən məkrli kampaniyadır. Maraqlıdır ki, ictimai rəyə təsirdən danışanların özlərinin cəmiyyət arasında heç bir nüfuzu yoxdur, ictimai rəyə təsir imkanlarından isə heç danışmağa belə dəyməz.

- Konkret olaraq Milli Məclisin deputatı Fəzail Ağamalı rəhbəri olduğunuz Fondu "ictimai rəyə təsir imkanları və nüfuzu olmayan" qəzetlərə maliyyə yardımı ayırmaqda ittiham edib...

- Milli Məclisin deputatı Fəzail Ağamalının belə məsuliyyətsiz açıqlaması uzun illər fəaliyyət göstərən, Fondla əməkdaşlıq edən tanınmış qəzetlərə və onların kollektivinə qarşı hörmətsizlikdir. Bir daha təkrar edirəm - Fondun maliyyə yardımı ayırdığı qəzetlərin böyük əksəriyyəti 20 ildən çoxdur ki, fəaliyyət göstərən, ictimaiyyətin tanıdığı, oxucu auditoriyası olan nəşrlərdir.

Onu da bildirmək istərdim ki, maliyyə yardımı ayırılmış qəzetlər hər ayın yekununda Fonda tiraj, yayım və dövriyyələri ilə bağlı hesabat verirlər. Eyni zamanda, ayrılmış maliyyə yardımı müqabilində "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası"nda əksini tapmış 19 prioritet istiqamət üzrə dərc edilmiş yazılar Fonda təqdim edilir. Həmin yazılarda dövlətimizin daxili və xarici siyasəti, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan mütərəqqi dəyişikliklər, ordu quruculuğu, dövlətin gənclər siyasəti, demokratik inkişaf, və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər dolğun əksini tapır.