Fərari erməni hərbçi Azərbaycanda saxlanma şəraitindən razıdır


Digərləri 15 Avq 2019 23:16:00 250 0

Fərari erməni hərbçi Azərbaycanda saxlanma şəraitindən razıdır

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanununa uyğun fəaliyyət göstərən Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Müdafiə Nazirliyinin Hauptvaxtına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatından Son.az-a verilən məlumata görə, başçəkmədə məqsəd 2019-cu il avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində fərarilik etmiş erməni hərbi qulluqçusu Kazaryan Aro Xaykoviçin saxlanılma şəraitinin və rəftarın araşdırılması, onun hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

A.Kazaryanla tərcüməçinin iştirakı ilə söhbət zamanı o, həkim müayinəsindən keçdiyini, səhhətinin normal olduğunu, saxlanılma şəraitindən, onunla rəftardan və qida təminatından razı qaldığını, ona qarşı insan hüquqlarının pozulmasına yol verilmədiyini və hər hansı bir şikayətinin olmadığını bildirib.