BDU və SOCAR Capital birgə konfrans keçirib FOTO


Digərləri 18 Apr 2019 21:22:00 316 0

BDU və SOCAR Capital birgə konfrans keçirib  FOTO

Bakı Dövlət Universitetində SOCAR istiqrazları və "İqtisadiyyat 2.0" mövzusunda konfrans keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, BDU və SOCAR Capitalın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rektor Elçin Babayev SOCAR-ın fəaliyyətindən, həyata keçirdiyi yerli və beynəlxalq səviyyəli layihələrdən danışıb, qurumun həm də elmi-tədqiqat işləri ilə məşğul olan şirkət kimi çoxşaxəli işlər gördüyünü bildirib.

Qeyd edib ki, ölkəmizin günü-gündən qüdrətlənməsi, innovativ inkişaf xətti, yaradılmış münbit şərait üçün Prezident İlham Əliyevə minnətdar olmalıyıq. Rektor innovasiyalar, startaplar və elmi nəticələrin kommersiyalaşdırılmasından danışıb, qısa müddət ərzində regionda həm də elm, təhsil sahəsində liderə çevrilməklə bağlı fikirlərini bölüşüb.

BDU-nun SOCAR-la əlaqələrini, bu günlərdə universitetdə keçirilən əmək yarmarkasında şirkətin müxtəlif qurumlarının aktiv iştirakını vurğulayan rektor, konfransın işinə uğurlar arzulayıb və tələbələr üçün faydalı olacağını bildirib.

SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov prezident İlham Əliyevin tapşırıqlarını rəhbər tutan SOCAR-ın beynəlxalq səviyyəli şirkətə çevrilməsi istiqamətində həyata keçirdiyi layihələr haqqında məlumat verib. Gənclərin əksəriyyətinin SOCAR-da işləmək istəyindən danışaraq öz ixtisasına yüksək səviyyədə yiyələnmiş, ali təhsilli gənclərə hər zaman ehtiyac olduğunu vurğulayıb. O, SOCAR-ın tələbələr üçün həyata keçirdiyi xarici və daxili təqaüd proqramı haqqında məlumat verib, bu layihələrin qalibi olmuş məzunların qurumun idarə və müəssisələrində müsabiqədənkənar işlə təmin olunduğunu vurğulayıb. Bugünkü tədbirdə iştirak edən tələbələrin SOCAR-ın yaratdığı imkanlardan yararlanacağını deyən Xalik Məmmədov təhsillərini başa vurduqdan sonra onların çoxminli SOCAR ailəsinin üzvünə çevriləcəyinə əmin olduğunu bildirib.


Xəbərə aid fotolar