Tələbə kreditləri ilə bağlı yeni sənəd hazırlandı


Digərləri 15 Fev 2019 11:53:07 268 0

Tələbə kreditləri ilə bağlı yeni sənəd hazırlandı

Azərbaycanda yeni tələbə kredit sisteminin yaradılması ilə bağlı sənəd layihəsi yaxın zamanlarda hökumətə təqdim ediləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib.

2015-ci ildən Azərbaycanda "Maarifçi" Tələbə Kredit Fondunun yaradıldığını deyən C.Bayramov əlavə edib ki, hazırda fond bir necə ali məktəbin təsisçiliyi ilə fəaliyyət göstərir.

Lakin nazir hesab edir ki, yalnız ali məktəblərin daxili potensialları hesabına bütün ölkədə bu ehtiyacı ödəmək mümkün deyil: "Tələbələr üçün uzunmüddətli kredit sistemi qurulmalıdır və bunun üçün hərtərəfli işlənmiş qanunvericilik bazası hazırlanmalıdır. Tələbə kreditləri digər kreditlərdən fərqli şəkildə verilməlidir. Onlar daha uzunmüddətli olmalıdırlar. Həmin sistemin qurulması ilə bağlı beynəlxalq təcrübə göstərir ki, dövlətin dəstəyi hər zaman bu sistemin üzərində olur. Bununla bağlı aidiyyəti dövlət qurumlarının iştirakı ilə yaradılan işçi qrup çox sürətlə işləyir. Hesab edirəm ki, yekun layihə yaxın zamanlarda hökumətə təqdim ediləcək. Düşünürük ki, 2019-2020-ci tədris ilində Azərbaycanda artıq işlək tələbə kredit sistemini yaratmaq mümkün olacaq".

2015-ci ildən bəri tələbələrə 220-dən çox təhsil kreditinin verildiyini söyləyən C.Bayramov əlavə edib ki, bu sahədə əldə edilən təcrübə çox müsbət bir platforma rolunu oynayıb.