Federasiya rəhbərliyi yalnız öz cibini düşünür


Digərləri 15 Yan 2019 14:50:43 499 0

Federasiya rəhbərliyi yalnız öz cibini düşünür

Basketbol Federasiyasında vəziyyət çox ağırdır. Milli komandalarımız beynəlxalq yarışlara getmir. Federasiyanın prezidenti Nadir Nəsibov çempionat oyunlarına baxmağa gəlmir. O, sonuncu dəfə dörd il əvvəl çempionata baxmağa gəlib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu bu gün basketbol üzrə Azərbaycan çempionatında çıxış edən beş klubun - "AzTop", ADNSU, NTD, "80-lər" və "Alov"un nümayəndələri bildirib.

Basketbol Federasiyası rəhbərliyinin idarəçiliyindən narazı olduqları üçün çempionatı boykot edən klublar bu gün mətbuat konfransı keçirib.

"Oyunlar zamanı oynamağa top tapmırıq. Hakimlərə yaxınlaşanda deyirlər ki, topu komandalar özləri ilə gətirməli idi. Basketbol torları cırıq-cırıqdır. 

Çempionata bu cür təşkilatçılıqla sponsor da cəlb etmək olmur. Sponsora yaxınlaşanda "Basketbol var Azərbaycanda?" sualını verir.

Ad qoyulur ki, gənc millilərə üstünlük verilir. Amma nə U-16, nə də U-18 millilərimiz yığmada iki ildir oyun keçirir.

Kişi millimiz 2012-ci ildən bəri yoxdur. Halbuki biz o vaxt Avropa çempionatına çıxmağa çox yaxın idik. Klassik basketbol Azərbaycanda məhv olub. Yalnız 3×3 basketbola diqqət ayrılır.

Bizim çempionat bazardır. Federasiya rəhbərliyi yalnız öz cibini düşünür. Bu il Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalına legionerləri yığıb gətirəcəklər. Çünki bizim milli yoxdur.

Sabah nazirliklə görüşümüz olacaq. Ümid edirəm ki, bu məsələdə bizə dəstək olacaqlar. Amma sizə deyək ki, onların da bu məsələdən əvvəldən xəbəri vardı".

U-20 millimizin sabiq baş məşqçisi, NTD klubunun çalışdırıcısı Tahir Baxşıyev isə yığmadan getməsini belə əsaslandırıb:

"U-20 millisi yoxdursa, deməli, məşqçi də lazım deyil. Ona görə də dünən gedib ərizəmi yazdım. Biz əsas milli olaraq sonuncu dəfə İslamiadada iştirak etmişik. Hamısı yerli uşaqlar idi. Adam fəxr edirdi. 

Məşq etməyə zallar yoxdur. Sağ olsun Təhsil Nazirliyi ki aşağı liqaları keçirir. Gəlin, baxın, görün ki, ora nə qədər tamaşaçı gəlir".