Elmar Məmmədyarov NATO Parlament Assambleyasının sədri ilə görüşdü


Siyasət 13 Sen 2018 20:00:00 281 0

Elmar Məmmədyarov NATO Parlament Assambleyasının sədri ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov NATO Parlament Assambleyasının sədri Paolo Allini qəbul edib.

Xarici İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və NATO arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

E.Məmmədyarov Azərbaycanın NATO ilə etibarlı və davamlı tərəfdaşlıq əlaqələrinə malik olduğunu bildirərək, ölkəmizin Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi işinə sadiq olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan təkcə NATO ilə əməkdaşlıq çərçivəsində deyil, eyni zamanda, Əfqanıstanla müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq, o cümlədən iqtisadi və investisiya sahələrində əlaqələr həyata keçirir.

E.Məmmədyarov həmsöhbətə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı transregional nəqliyyat və enerji layihələri haqqında məlumat verərək TAP layihəsinin Avropanın enerji təhlükəsizliyinə perspektiv töhfəsini qeyd edib.

NATO ilə Azərbaycan arasında əlaqələri yüksək qiymətləndirən NATO Parlament Assambleyasının sədri P.Alli uğurlu əməkdaşlığa, xüsusilə Azərbaycanın Əfqanıstanda keçirilən əməliyyat çərçivəsində beynəlxalq sülh və təhlükəsizliyə verdiyi ardıcıl töhfəsinə görə təşəkkürünü ifadə edib.

Görüş əsnasında regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. E.Məmmədyarov bildirib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal altında saxlanması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalır. O, NATO-nun son Brüssel zirvə toplantısının yekun bəyanatında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə ifadə edilən dəstəyin və münaqişənin bu prinsiplər əsasında həllinə çağıran mövqeyinin təqdir edildiyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Xəbərə aid fotolar