Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən seyf oğurlayan şəxsin məhkəməsi başlayıb


Sosial 12 İyl 2018 17:14:36 280 0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən seyf oğurlayan şəxsin məhkəməsi başlayıb

Məhkəmənin baxış iclası iyulun 19-na təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməmdə təqsirləndirilən Rafiq Məmmədov, Elşən Aslanov və Rüfət Qurbanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra R.Qurbanovun vəkili vəsatət qaldırıb. O, cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını istəyib. Vəsatət təmin edilməyib.

Məhkəmənin baxış iclası iyulun 19-na təyin edilib.

İttiham aktına əsasən, R.Məmmədov, E.Aslanov və R.Qurbanov qabaqcadan əlbir olaraq, bir qrup şəxs halında təkrar özgənin külli miqdarda əmlakını saxlanc yeri olan binaya qanunsuz daxil olub, oğurluq ediblər. Həmçinin R.Məmmədov və E.Aslanov satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vsaitə olan heroin əldə edərək saxlayıb.

Cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, R.Məmmədov tanışı Vaqif Rəhimovla birgə 2006-cı ildə "Karvan L" şirkətinin ofisindən ümumilikdə 190 min 496 manat, 2008-ci ildə "Moqobs" MMC-nin ofisindən 158 min 594 manat, 2010-cu ildə "Saqa" gəmi təmiri şirkətinin ofisindən 40 min 800 manat, 2011-ci ildə "Təmizləmə avadanlıqlarının satışı mağazası"ndan 510 min manat məbləğində pul oğurlayıb.

2014-cu ildə həbs edilən R.Məmmədov oğurluqda təqsirli bilinib və Bakı Ağır Cinayətlərinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum olunub. 2016-cı ildə isə o, Xətai Rayon Məhkəməsinin qərarı ilə 5 ay 17 gün çəkilməmiş cəzadan vaxtından əvvəl şərti azadlığa buraxılıb.

R.Məmmədov məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayətə əl atıb.

Belə ki, o, 2016-cı ildə Rasim Əliyevə məxsus Bakı şəhəri ərazisində yerləşən ofisindən 7 min manat pul oğurlayıb. 2017-ci ildə isə R.Məmmədov Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin iş otağına qanunsuz daxil olub. O, həmin otaqda şöbənin müdri Anar Kazımova məxsus olmaqla içərisində möhür və blanklar olan 1050 manat dəyərində "FDX-30" markalı seyfi talayaraq aparıb.

Bundan başqa, o, Qadir Əliyevlə birgə Murad Bədirovun rəhbərlik etdiyi "MCM" şirkətinin ofisindən 8 min 253 manat, "Total İT" MMC-nin ofisindən 13 min 797 manat, "Azəri Ekspress" MMC-nin ofisindən Rauf Səfərovun 6 min 202 manatını, Vahel Abdullayevin isə 7 min 200 manatını, "İndeks.az" MMC-nin ofisindən 43 min 200 manat, 2017-ci ildə "Saqa" gəmi təmiri şirkətinin ofisindən 600 manat pul oğurlayıb.

R.Məmmədov daha sonra R.Qurbanov, E.Aslanov və qeyriləri ilə birgə 2017-ci ilin avqust ayının 10-da "M-Trans" MMC-nin ofisindən 15 min 500 manat, "MS Orbita" şirkətinin ofisindən 67 min 441 manat pulu gizli yolla oğurlayıblar.

R.Məmmədovla E.Aslanovun barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda), 234.4.3-cü (külli miqdarda narkotik) və R.Qurbanovun isə 177.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, R.Məmmədovla yanaşı E.Aslanov da məhkumluq həyatı yaşayıb. O, 2012-ci ildə oğurluq və narkotikdə təqsirli bilinib və 4 il 6 ay müddəti ilə azadlıqdan məhrum edilib. E.Aslanov 2016-cı ildə isə azadlığa buraxılıb.