Uşaqlarda qızdırmanın yüksəlməsini həmişə xəstəlik kimi qəbul etmək düzgün deyil


Digərləri 02 İyl 2018 23:57:00 391 0

Uşaqlarda qızdırmanın yüksəlməsini həmişə xəstəlik kimi qəbul etmək düzgün deyil

Adətən qrip, qızdırma və başağrısı kimi xəstəliklər daha çox qışda müşahidə edilir. Lakin son vaxtlar həmin xəstəliklərə, xüsusən də qızdırmaya tez-tez rast gəlinir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, temperaturun yüksəlməsi xəstəlik deyil, həm fizioloji hal, həm də hansısa xəstəliyin əlaməti kimi üzə çıxa bilər. Xəstəlik kimi yüksək hərarətə infeksiyanın əlaməti kimi, fizioloji hal kimi gündüz saatlarında uşağı gəzməyə çıxaranda rast gəlinir. Uşağın orqanizmi böyüyə nisbətən zəif olduğuna görə belə hallar onlarda daha çox müşahidə edilir.

Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova bu barədə deyib: "Günəş şüaları altında çox qalanda, gündəlik qəbul edilən mayenin miqdarı az olanda və üst geyimləri düzgün seçilməyəndə qızdırmanın qalxması baş verir. Həmin hallarda çox vaxt valideynlər təlaş keçirir və istilik 37 dərəcə olanda da temperaturu aşağı salan dərmanlar verirlər. Əslində bu, yanlış bir yoldur. Temperaturu fiziki üsullarla aşağı salmaq daha yaxşıdır. İlk növbədə uşağı sərin bir yerə çəkmək, sərin su ilə yuyundurmaq, sərin islatmalar qoymaq və su içirmək temperaturun normal səviyyəyə düşməsinə səbəb olur".