Elmar Məmmədyarov: "Azərbaycan ABŞ-la münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır"


Siyasət 06 Fev 2018 17:30:06 287 0

Elmar Məmmədyarov: "Azərbaycan ABŞ-la münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır"

XİN başçısı ABŞ şirkətlərinin Azərbaycanın qeyri-neft sektorunda daha fəal təmsil olunması üçün birgə səylərin artırılmasının vacibliyini vurğulayıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinkin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən "Report"a verilən məlumata görə, dörüşdə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şöfer də iştirak edib.

Bricet Brink Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını bildirib. İki ölkə arasında strateji tərəfdaşlıq üzrə siyasi dialoqun gücləndirilməsinin vacibliyini vurğulayan qonaq ABŞ-ın Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verdiyini və mövcud ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb. B.Brink ölkəmizin terrorizmə qarşı mübarizə çərçivəsində Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi töhfəsinin yüksək qiymətləndirdiyini xüsusilə qeyd edib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın da ABŞ ilə münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edib. Ölkəmizdə aparılan köklü iqtisadi islahatlar barədə danışan nazir E.Məmmədyarov iqtisadi sahədə əlaqələrin inkişafı və ABŞ şirkətlərinin Azərbaycanın qeyri-neft sektorunda daha fəal təmsil olunması üçün birgə səylərin artırılmasının vacibliyini vurğulayıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar haqqında məlumat verən nazir Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə ABŞ tərəfindən münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında ədalətli həlli istiqamətində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb. Nazir bildirib ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir.

Söhbət zamanı tərəflər ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz dəhlizi haqqında müzakirələr aparıblar. 

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.