Deputat: Növbədənkənar prezident seçkilərinin keçirilməsi dövlət başçısının səlahiyyətləri çərçivəsindədir


Siyasət 06 Fev 2018 08:04:00 281 0

Deputat: Növbədənkənar prezident seçkilərinin keçirilməsi dövlət başçısının səlahiyyətləri çərçivəsindədir

Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ölkə başçısının səlahiyyətləri çərçivəsindədir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu millət vəkili Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, bu qərarın verilməsi ölkə qanunları çərçivəsindədir: "Buna Azərbaycanın Konstitusiyası da imkan verir. Buna görə də dövlət başçısı seçkilərin növbədənkənar keçirilməsini elan edib".

A.Hüseynov qeyd edib ki, prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinin İlham Əliyev olacağı birmənalıdır:

"Seçkilərin apreldə, yaxud oktyabrda keçirilməsinin fərqi yoxdur. Prezident İlham Əliyevin təkrar seçiləcəyinə heç bir şübhə yoxdur. Çünki Prezident İlham Əliyevin həm ölkə vətəndaşları arasında, həm də beynəlxalq aləmdə nüfuzu kifayət qədər yüksəkdir. Azərbaycan vətəndaşlarının İlham Əliyevə yüksək etimadının olması danılmazdır. Azərbaycan vətəndaşları bilir və şahiddir ki, Prezident İlham Əliyevin bütün fəaliyyəti əsasən ölkə vətəndaşlarının sosial rifahının yüksəlməsinə, ölkədə yoxsulluğun azaldılmasına, ictimai-siyasi sabitliyə nail olunmasına yönəlib. Xalq bunun nəticəsini də görüb və görür. Bu gün ölkə iqtisadiyyatındakı sürətli və dinamik inkişaf, siyasi sabitlik, ordu quruculuğunda görülən uğurlu işlər, Azərbaycan ordusunun gücləndirilməsi hamının gözü qarşısında baş verir, danılmaz faktdır".

Qeyd edək ki, Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin