Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyada katiblik yaradılıb


Siyasət 05 Fev 2018 18:25:06 287 0

Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyada katiblik yaradılıb

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. 

"Report"un məlumatına görə, fərmanla əsasnamədə aşağıdakı dəyişikliklər edilib: 

7-ci hissə aşağıdakı redaksiyada verilir:

“7. İdarələrarası Komissiyanın fəaliyyətinin təmin edilməsi üçün İdarələrarası Komissiyanın Katibliyi (bundan sonra - Katiblik) yaradılır.

Katiblik dövlət orqanıdır və onun işçiləri dövlət qulluqçularıdır. Katibliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

Katiblik İdarələrarası Komissiyanın qərarlarının icrasına nəzarət edir, dövlət sirri haqqında qanunvericiliyin həyata keçirilməsi sahəsində dövlət qurumlarının fəaliyyətini əlaqələndirir, Azərbaycan Respublikasının Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İdarələrarası Komissiyaya verdikləri tapşırıqların icrasını təmin edir, dövlət sirrinin mühafizəsi sisteminin təkmil¬ləşdirilməsi məqsədilə dövlət sirri haqqında qanunvericiliyin yerinə yetirilməsi sahəsində dövlət qurumlarının fəaliyyətini öyrənir, dövlət sirrinin mühafizəsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə müvafiq təşkilatlarla əməkdaşlıq edir, dövlət sirrinin mühafizəsi ilə bağlı məsələlərin həll edilməsi məqsədi ilə idarələrarası işçi və ekspert qruplarının yaradılmasına, habelə ayrı-ayrı təşkilatların, o cümlədən mütəxəssislərin işə cəlb edilməsinə dair təkliflər hazırlayır və baxılmaq üçün İdarələrarası Komissiyaya təqdim edir, İdarələrarası Komissiyanın fəaliyyətinin təmin edilməsi ilə bağlı İdarələrarası Komissiyanın ona həvalə etdiyi digər funksiyaları həyata keçirir.”;

8-ci hissənin beşinci abzasında və 13-cü hissədə ismin müvafiq hallarında “işçi qrupu” sözləri ismin müvafiq hallarında “Katiblik” sözü ilə əvəz edilir.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək,  mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.