Prezident seçkilərinin vaxtı niyə dəyişdirildi?


Siyasət 05 Fev 2018 18:08:00 221 0

Prezident seçkilərinin vaxtı niyə dəyişdirildi?

"Aprelin 11-nə növbədənkənar prezident seçkilərinin elan edilməsi ilə əlaqədar onun keçirilməsi yarım ilə əvvələ dəyişdirilib. Konstitusiya prezidentə belə bir qərar qəbul etməyə səlahiyyət verir. Bu mənada seçkilərlə bağlı hüquqi baxımdan heç bir sual doğmur. Amma hüquqi tərəfi ilə yanaşı siyasi məqsədəuyğun məsələsi də var. Güman edirəm ki, Prezident Administrasiyası çox qısa zamanda buna aydınlıq gətirəcək".

Son.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, politoloq Rasim Musabəyov bildirib.

Hər halda millət vəkili seçkilərin vaxtının dəyişdirilməsi ilə bağlı bir neçə ehtimalı səsləndirməkdən çəkinməyib: "Hələ ki ehtimallar səviyyəsində mayın sonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin artıq seçilmiş yeni prezident tərəfindən qeyd edilməsi ilə əlaqədar fikirlər səslənib.  Mənim deputat həmkarlarımdan biri isə seçkilərin vaxtının dəyişməsini 2025-ci ildə prezident və parlament seçkilərinin üst-üstə düşməməsi ilə əlaqələndirib. Amma ola bilər ki, səbəb həm də Ermənistanda 2018-ci il aprelin sonunda dövlət başçısının artıq prezident deyil, parlament çoxluğunun təyin etdiyi baş nazirin olması nəticəsində ali hakimiyyətin formatının dəyişməsi olsun.

Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin Azərbaycanda oktyabrda prezident seçkilərinin gözlənməsi bəhanəsi ilə uzanmaması üçün onların vaxtını da aprelə dəyişmək qərarına gəliblər. Ola bilər ki, çətin, sıçrayış xarakterli güzəştlər gözlənilir və onları prezident seçkilərin sonra həyata keçirmək daha yaxşıdır. "Ən real görünən İlham Əliyevin birinci turdaca səs çoxluğu ilə yenidən prezident seçiləcəyidir"  Əgər Qarabağ probleminin həlli ilə bağlı vacib qərarların qəbul edilməsi təxirə salınsa, danışıqların tempi aşağı düşə bilər və sülh tənzimlənməsi prosesi yenidən nəticəsiz qalacaq". Politoloqun fikrincə, bunların belə olub-olmadığını Prezident Administrasiyasının aydınlıq gətirməsindən sonra bilinəcək.

Qeyd edək ki, fevralın 5-də Azərbaycan Prezidenti İlham Əliyev növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

İlkin İzzət

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində