Səttar Möhbalıyev: "Ümummilli lider Heydər Əliyev ən çətin anlarımızda bizə dayaq olurdu"


Siyasət 05 Fev 2018 17:25:00 329 0

Səttar Möhbalıyev: "Ümummilli lider Heydər Əliyev ən çətin anlarımızda bizə dayaq olurdu"

"Sıralarında 1 milyon 500 minə yaxın üzvü birləşdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) respublikanın ən böyük ictimai təşkilatıdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Konfederasiyanın V qurultayında çıxışı zaman deyib.

AHİK-in yaranmasının 25 illiyinin qeyd olunduğunu deyən S.Möhbalıyev bildirib ki, ulu öndər Heydər Əliyev əmək adamlarının müstəqil təşkilatı olan həmkarlar ittifaqlarına həmişə böyük diqqət və qayğı göstərirdi: "Ən çətin anlarımızda bizə dayaq, arxa olurdu".

AHİK sədri bildirib ki, müstəqil Azərbaycanın qısa müddət ərzində qazandığı tarixi nailiyyətlər zaman baxımından əsrə bərabərdir:

"Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzu durmadan artmaqda, demokratik, hüquqi, dünyəvi dövlət kimi tanınmaqdadır. Bu, ulu öndər Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışının bəhrəsidir. Ümummilli liderin ona xas olan müdriklik və uzaqgörənliklə həyata keçirdiyi çoxşaxəli layihələr cəmiyyətin mənəvi birliyinin və həmrəyliyinin əsas prinsiplərini formalaşdırdı. Ölkədə yeni iqtisadi şəraitə uyğun olaraq qurulan sosial müdafiə modeli cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, şəxsiyyətin azad inkişafı üçün bərabər imkanlar yaradılmasına xidmət edirdi".

S.Möhbalıyev vurğulayıb ki, ulu öndər vətəndaşların qanuni mənafelərinin, əmək hüquqlarının qorunmasında, sosial problemlərinin həllində mühüm rol oynayan, zəngin tarixi keçmişə malik həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini də həmişə yüksək qiymətləndirib:

"Xüsusilə Heydər Əliyevin 1994-cü ildə imzaladığı "Həmkarlar ittifaqları haqqında" qanun Azərbaycan həmkarlar ittifaqları hərəkatının müasir inkişafına təkan verib, bu təşkilatın cəmiyyətdəki rolunu gücləndirib".

O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən strategiyası Prezident İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir.

S.Möhbalıyev deyib ki, AHİK dünyanın əksər mütərəqqi həmkarlar ittifaqı mərkəzləri ilə, o cümlədən Türkiyə, Fransa, Polşa, Belçika, Yaponiya, İtaliya, Macarıstan, Yunanıstan, Norveç, İsrail, Bolqarıstan, Litva, Latviya, Çin və MDB ölkələrinin həmkarlar ittifaqları mərkəzləri ilə əməkdaşlıq edir:

"Hazırda Konfederasiyamızın ətrafında 1 milyon 500 minə yaxın üzvü birləşdirən 16901 həmkarlar ittifaqları təşkilatları fəaliyyət göstərir. Son 5 ildə 507 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb, həmkarlar ittifaqı üzvlərinin sırasına 56.497 nəfər cəlb edilib".

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində