"Ən real görünən İlham Əliyevin birinci turdaca səs çoxluğu ilə yenidən prezident seçiləcəyidir"


Siyasət 05 Fev 2018 11:56:07 260 0

"Ən real görünən İlham Əliyevin birinci turdaca səs çoxluğu ilə yenidən prezident seçiləcəyidir"

"Prezident İlham Əliyev özünün Konstitusiyada ona verilmiş hüququndan istifadə edərək Azərbaycanda növbədənkənar prezident seçkiləri elan etməsində qeyri-adi bir şey yoxdur. Dövlət başçısının belə bir səlahiyyəti var və bundan irəli gələrək növbədənkənar prezident seçkiləri təyin edilə bilər. Onun apreldə, yaxud da əvvəldən nəzərdə tutulduğu kimi, oktyabrda keçirilməsi arasında isə elə bir ciddi fərq yoxdur".

Bu barədə Son.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, seçkilərin vaxtının dəyişdirilməsi digər bir səbəbi "Cümhuriyyət İli" ilə bağlıdır: "2018-ci il Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti İli"dir. Özü də bu il yubiley ili olduğuna görə, dövlət səviyyəsində çoxlu sayda tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu baxımdan prezident seçkilərinin daha münasib vaxta keçirilərək digər tədbirlərin yüksək səviyyədə təşkil edilməsi təmin olunması nəzərdə tutulur".

Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək A.Mirzəzadə hesab edir ki, hazırkı dövlət başçısı İlham Əiyevin bu seçkilərdə də digər namizədlərdan daha çox səs toplayaraq növbəti dəfə prezident olacağı gözlənilir: "Yeni Azərbaycan Partiyası qeyri-rəsmi şəkildə də olsa, artıq çoxdan növbəti prezident seçkiləri ilə bağlı öz namizədini elan edib. Bu şəxs partiyanın sədri, ölkənin dövlət başçısı cənab İlham Əliyevdir. Bu gün ən real görünən də onun elə birinci turdaca səs çoxluğu ilə yenidən prezident seçiləcəyidir. Yəqin ki, digər namizədlər də olacaq, bununla belə cənab İlham Əliyevin dövlət başçısı və siyasi xadim kimi fəaliyyəti bu gün onun çox böyük elektoratının yaranmasına və seçkilərdə böyük səs faizi ilə yenidən prezident seçilməsinə şərait yaradır".

Qeyd edək ki, fevralın 5-də Azərbaycan Prezidenti İlham Əliyev növbədənkənar prezident seçkilərinin elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

İlkin İzzət Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində