Azadlıq köləlikdir? pul kölələri


Siyasət 31 Yan 2018 15:20:00 255 0

Azadlıq köləlikdir?  pul kölələri

Söz və ifadə azadlığına sığınaraq demokratiyanı gözdən salmaq olmaz.

"Əvvəl 1917-ci il, sonra dərhal 1937-ci il. Elitanın dalbadal iki dəfə məhv olunması onunla nəticələndi ki, Rusiya indi genetik tullantılar ölkəsidir. Mən ümumiyyətlə bu ölkəni qadağan edərdim. Burada mənimçün yeganə nəfəs almaq imkanı incəsənət qalereyalarıdır. Və bir də sirk..."

Bunu özünü "liberal müxalifətçi", "kontraçı" adlandıran rus jurnalist Bojena Rınska yazıb.

"Azərbaycanda kütləvi informasiya vasitələri iflas vəziyyətindədir. Demokratiya, söz azadlığı yoxdur. Jurnalistlər ələbaxan, müti, kölə vəziyyətindədir. Ağır vəziyyətdir. O kütlədən olmaq istəməzdim".

Bunu da "o kütlə"dən olmaq istəmədiyini vurğulayan, "Rədd olsun!", "Yaşasın!" və "Biz gələcəyik!" şüarlarından sonra vəcdə gələrək az qala sağ dabanını sinəsinə döyəcləyəcək "məşhur jurnalist, tanınmış demokrat" söyləyir.

Yerli sakindir, media aborigenidir, yaşlıdır, usanmış demokrat davranışı ilə kameralar qarşısında sərgilənməyi sevir.

Bojena Rınskayanın yerli inikası da sayıla bilər haradasa, nə zamansa və nə üçünsə.

Əsrlər əvvəl Fransada yaşamış filosofların birinin sözləri yadıma düşür: "Müzakirə və ya mübahisənin stili onun məğzindən daha vacibdir".

Kimdir o azad?

"Azərbayancanda kütləvi informasiya vasitələri azad deyil, jurnalistlər fikirlərinə, yazılarına və mövqelərinə görə həbs olunurlar" söyləməyi çox sevən, bunu az qala polineziyalılar təki vücudlarına tatuaj etdirmək əsnasında olanların çığır-bağırlarının yaratdığı əks effekti hələlik qoyaq bir kənara.

Yaxşı, bir anlıq onları dinləyək. Nə deyirlər?

22 il əvvəl söylənənlərdir, məzmun, forma və stil baxımından əsla dəyişiklik yoxdur.

"Hakimiyyət jurnalistlərə mane olmamalıdır". Açması: yəni hakimiyyət ümumiyyətlə, kütləvi informasiya vasitələrinin işinə müdaxilə etməməlidir, mediada az qala məzdəkilik şüarları ilə Maxno anarxiyasının qarışığı olmalıdır, hər kəs istədiyini deməli və yazmalıdır.

Qeyri-etik ifadələr, böhtanlar, təsdiqlənməmiş xəbərlər, iddialar, yalanlar - bir sözlə, diffamativ sayıla biləcək bütün əməllərin toplusu çağdaş "maral"larımızın dediklərinə görə, sən demə, söz və ifadə azadlığı imiş.

Bəli, ifadə azadlığı genişdir, amma onun bəlli çərçivələri var. ABŞ mediasının "ata"larından sayılan birisi Çikaqoda əyyami-qədimdə demişdi: "Sənin azadlığın mənim azadlığımın başladığı yerdə bitir".

Yəni ifadə azadlığı var və onun çərçivələri də mövcud olduğundan deyilən, yazılan hər sözə görə normal, sivil cəmiyyətdə məsuliyyət daşınması məcburiyyəti var.

Azərbaycanda da hər kəsi tənqid etmək olar - mediada da o cümlədən. Fəqət, bu tənqid təhqirə çevrilməməli, azadlıq çərçivəsini aşmamalıdır.

Özlərini "azad, sərbəst" hesab edən "hərşeyşünas"larımız səhər dünya bazarlarında neft qiymətlərini, günorta - Azərbaycanda demoqrafik və demokratik situasiyanı, ikindi çağında - kənd təsərrüfatının regional inkişaf proqramları çərçivəsində stimullaşdırılmasını, axşam - Xəzər dənizində suitilərin mühafizə problemlərini, şər qarışanda isə "siyasi məhbus" məsələsini sifətinə müdrik görkəm, klaviaturanı döyəcləyən barmaqlarına isə sürət verib şərhlərə qapılırsa, bunun bir adı var - diletantlıq, həvəskarlıq, xüsusi klinik hallarda isə abdallıq.

Söz və ifadə azadlığı anlamlarından sui-istifadə edərək təhqirlərlə böhtanları sıralamaq, məsuliyyət anı gəldikdə isə qonaqlardan qaçıb axurda gizlənən Xudayar bəy təki aradan çıxıb sığınacaq aramaq, tapanda da xarici ölkədə oturub xaric ötmək heç xoş iş deyil.

Hakimiyyəti qaralayıb dövlət idarəetmə sistemini cəmiyyətin gözündən salmaq cəhdləri elə cəmiyyətin özünün ziyanıdadır.

Nə yazıq ki, bunu "azad düşüncə"li kəslər anlamır, anlamağa zərrə qədər cəhd də göstərmir.

İfadə və söz azadlığı şər, həqarət azadlığı deyil.

Əksini deyənlər ya bisavaddır, ya da ikiüzlü.

Çünki...

Məhəmməd Peyğəmbərin karikaturalarını dərc etdiyinə görə məşum terrora məruz qalan fransız "Charlie Hebdo" jurnalı ilə bağlı hadisələri xatırlayın.

Parisdəki redaksiyaya hücumdan sonra (halbuki, bu hücumun yaxşı planlaşdırılmış və Fransanın o dönəmdəki prezidenti Fransua Ollanda qarşı yönəlmiş aksiya olduğu da istisna edilmir) sosial şəbəkələrdə "Je suis Charlie" ("Mən "Şarli"yəm") heşteqi geniş yayıldı.

Halbuki İraqda, Suriyada, Yəməndə, Suriyada hər gün yüzlərlə günahsız insan həlak olur, amma Qərbdə kimsə indiyədək "Mən Suriyayam!", "Mən İraqam!" ifadəsini dilə gətirməyib.

Elə həmin "Charlie Hebdo" jurnalına İslama qarşı yönəlmiş əxlaqsız karikaturalara görə dəstək verilmişdisə və bu, demokratiya sayılırdısa  -jurnalda İsanı və iudaizmi təhqir edən rəssam iki il əvvəl qovulmuşdu.

ABŞ prezidentini ələ salan rəssam cərimələnmiş, qınaq obyekti olmuş, o da qovulmuşdu.

Misalların sayını artırmaq olardı, amma nə hacət.

Azadlıq köləlikdir?

"Azərbaycan medisı iflasa uğrayıb" deyənlərin çıxışlarını, açıqlamalarını dinləmək ötən əsrin əvvəllərində Parisdəki buffonadaları seyr etmək qədər maraqlıdır.

Onların niyə belə etdikləri bəlli: riyazi dəqiqliklə hesablanaraq kütləyə ünvanlanan belə açıqlamaların məqsədi "Bəlkə də qaytardılar..." yanğısıdır.

Rusiya poeziyasının təmiz simalarından olan Osip Mandelştam belə danışanları "hava oğruları" adlandırır, onlara ironiya ilə yanaşmağı təklif edirdi. Çünki sifarişlə deyilərək "cəmiyyətdəki problemlərin yanğısı" kimi təqdim olunan yalanlar çox pis təsir bağışlayır.

Başqasının pulu ilə azadlıq uğrunda mübarizə aparmaq görüntüsü yaratmaq da saxtakarlığın ən primitiv formasıdır.

Bir müddətə, bəlli zamana vicdanlı olmaq mümkün deyil. Bu, toy üçün alınan kostyum deyil - qiymətlər fərqlidir.

Həmin zatlar Corc Oruellin "1984" romanında "Böyük Qardaş"ın şüarlarından birini təkrarlayırlar: "Azadlıq köləlikdir!"

Onlar "Faktlarla danışın!" çəmkirirlər.

Yaxşı, keçək sadəcə, iki fakta.

1995-2007-ci illərdə Qərbin 56 təşkilatı, fondu və s. tərəfindən Azərbaycanda guya "azad medianın dəstəklənməsi və inkişafı proqramları"na təqribən 49,37 milyon dollar vəsait "qrant" qismində ayrılıb.

Yəni təxminən 50 milyon dollar ölkədə sərbəst, demokratik, azad medianın var olmasına xərclənməliydi.

İkinci fakt: həmin illərdə bəhs etdiyim proqramlara qatılan, yerli "layihə"ləri icra edən şəxslər arasında bahalı avtomobil, ev, mənzil alan, xarici ölkələrdə daşınmaz əmlaka yiyələnən, müxtəlif banklarla əsla şəffaf olmayan hesablar açanların sayı 54 nəfər olmuşdu ki, həmin adamların da əlaltılarını, "kamrad"larını, "yoldaş və dost"larını da hesablasaq, 390 nəfər "qrant seli"ndən əməllicə faydalanmışdılar.

Bu adamlar medianın adından danışıb media alveri edənlərdi.

İndi gəlir mənbələrindən pul ala bilmədikləri, varidatlarını artıra bilmədikləri üçün vurnuxur, qəzəbli davranır, vətəndaşları etiraz aksiyalarına çağırır, "müti kütlənin səssizliyi və biganəliyi"ndən heyfislənərək təəssüflənirlər.

Onların məqsədləri açıq, bəsidir: Azərbaycanın mass-mediası, kütləvi informasiya vasitələri Qərbin məlum mərkəzlərinin, fondlarının, təşkilatlarnının təsirində, nəzarətində olmalıdır.

Azərbaycan mediası Azərbaycanın yox, bu demokratik sinələrinə təəssüf yumruqlarını endirənlərin sahiblərinin maraqlarına xidmət etməlidir.

Ölkədə bir qrup jurnalistə mənzil verilməsini də pisləyən, həmin qələm sahiblərini təhqir edən, sosial şəbəkələrdə lağlağı və bəzən də qarğış (məsələn, "marallar"lardan biri Facebook statusunda yazmışdı: "O "Jurnalistlərin Binası"ndan ev alanlara üz tuturam: sizi görüm orada sağ yaşamayasınız!..") edənlər öz kiçik, rəngsiz aləmlərində haqlı olduqlarını düşünürlər.

Fəqət, elə həmin adamlar illər boyu ən çeşidli Qərb fondlarının, mərkəzlərinin və təşkilatlarının "proqram"ları çərçivəsində çox ciddi maliyyələr alanda, bu da olmasın, Tiflisə və qeyri şəhərlərə "seminar"lara göndərilib orada təlimatlandırılanda və pullandırılanda nədən "Azərbaycanın jurnalisti başqa ölkənin təşkilatından bu yolla pul almamalıdır" söyləmirdilər?

Onların hansı biri aşkar absurd təsiri bağışlayan "layihə" çərçivəsində on minlərlə dollar alanda, sonra da o pulun 20-30 faizlik qismini "QHT xərci" adı ilə "şapka" verəndə şikayətlənmişdi, ictimai müzakirələr tələb etmişdi?!

Soros Fondunun Azərbaycandakı nümayəndəliyindən təxminən 120 min dollarlıq qrant almış birisi var - indi "əsl demokrat"dır. Həmin bu kəs Nabranda "seminarların təşkili" adı ilə pulları həzm-rabedən keçirməklə məşğul olmuş, sonra da hesabatındakı çatışmazlıqları ört-basdır etmək üçün "demokratiya yayanlar"ın yerli nümayəndəsinə 30 min dollar rüşvət vermişdi.

Bu insanların fikrincə, Azərbaycan dövləti kütləvi informasiya vasitələrini tənzimləyirsə, KİV-də çalışanlara qayğı göstərirsə - qəbahətdir, mənfi haldır.

Amma yaratdığı QHT-yə tanışlarını, qohumlarını və sadalamaq istəmədiyim digər kateqoriyalardan olan şəxsləri daxil edərək onları "müşavir, "ekspert", "proqram direktoru", "koordinator" və s. kimi rəsmiləşdirmək, "Rəmzi Ana Yasa Məhkəməsi", "Rəmzi təlimlər", "Rəmzi hökumət" və bu kimi "rəmzi iş"lər vasitəsilə on minlərlə, yüz minlərlə dollar alıb kölə vəziyyətə düşmək, könüllü hətəmliyə razılaşmaq qəbahət deyilmiş?!

İflasa uğrayan Azərbaycanda yürüdülən media siyasəti yox, marionetka vəziyyətindən hələ də çıxmayan "tənqidçi"lər, "qrant mediası"nın mənsublarıdır.

Ən azı ona görə ki, Azərbaycanda dövlətin mediaya yardımları transparentdir, şəffafdır, bütün rəqəmlər və məlumatlar cəmiyyətə açıqdır.

Gizli şəkildə, kabinetlərin bağlı qapıları arxasında aparılan sövdələşmələrdən sonra ayrılan qrantlardan fərqli olaraq. Həmin qrantları təqdim edən təşkilatların və fondların Azərbaycanı, ölkəmizin maraqlarını, vətəndaşlarımızın mənafelərini düşünməyin özü belə, sadəlövhlükdür.

... İstənilən mexanizmin istismar limiti var. O limit bitəndə mexanizm sıradan çıxır.

Özlərini Azərbaycan mediasına şamil edən, hələ də işlək olduqlarını, cəmiyyətin tələb duyduğunu düşünənlərin isterik suçlamaları, ittihamları sıradan çıxzmış mexanizmin nasaz uğultusundan başqa nə olasıdı ki...

Elçin Alıoğlu Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin